Məşhur aktrisa "Xəyanət"dən danışdı - MÜSAHİBƏ 

MAQAZİN
12:45 / 17.10.2023
4168

"Hədəflərim böyükdür, amma mən deməyi yox, etməyi sevirəm".

Bu sözləri HİT.az-a müsahibə verən tanınmış aktrisa Leyla Babayeva deyib.

Həmin müsahibəni təqdim edirik:

- Leyla xanım, "Astar şou" yeni mövsümə başladı. Bu dəfə əvvəlkindən fərqli bir formatla qarşımıza çıxdınız. "Astar şou"da yeni mövsümdə hansı yeniliklər olacaq? Artıq tamaşaçılar qarşısında çıxış etməyəcəksiniz?
- Bu dəfə tamam fərqli formatla tamaşaçıların qarşısına gəlmişik. Hər həftənin şənbə günü saat 22:00-da maraqlı səhnəciklərimiz "ATV" telekanalında yayımlanacaq. Həmçinin, tamaşaçılar qarşısında səhnədə çıxış etdiyimiz əvvəlki formatda olan "Astar Şou" da qüvvədədir. Sadəcə olaraq sezon finalına çıxmışıq. Amma tezliklə o da yenidən efirdə olacaq.

- Sentyabr ayında 2 ali bakalavr təhsili aldığınızı paylaşmışdınız. Hansı ixtisaslar üzrə təhsil almısınız? Həmçinin, magistratura üzrə də təhsilinizi davam etdirməyi düşünürsünüz?
- Əslində birinci təhsilimin incəsənətlə əlaqəsi yoxdur. Sadəcə bu sahəyə sevgim olduğu üçün universiteti bitirən kimi ikinci ali təhsil üçün incəsənət üzrə də oxumağa qərar verdim. Çünki bu sahədə özümü daha da inkişaf etdirmək istəyirəm. Amma magistratura üzrə təhsil almağı düşünmürəm. Ömrümün 8 ilini təhsilə vermişəm, daha bəsdir. Hətta tibb üzrə təhsil alsaydım, çoxdan həkim olardım.

- Yeni mövsümdə başqa hansı layihələrdə rol alacaqsınız? Serial və filmlər olacaq?
- Bu mövsüm "Astar Şou" ilə "ATV"-də olmaqla bərabər, həm də "Xəzər" telekanalındayam. "Xəzər"də həftəiçi 5 gün saat 22:00-da yayımlanan "Xəyanət" serialında çəkilirəm. Orada da çox maraqlı obrazdayam. Dramatik sujet xəttində çəkilən ekran işində "Sevda" obrazını canlandırıram. "ATV"-də güldürürük, "Xəzər"də isə bəzən ağlada bilərik. Hər ikisini izləmək lazımdır. Həmçinin, tezliklə yeni filmlərdə də rol alacağam.

- Ən böyük peşmanlığınız nə olub?
- Həyatdakı ən böyük peşmanlığım lazımsız insanlara dəfələrlə şans verməyim olub.

- Karyera hədəfləriniz nələrdir?
- Bu sahəni çox bəyənirəm. Çünki incəsənət üçün çox mübarizə aparmışam. Hazırda sevdiyim yerdəyəm. Doğrudur, çox əziyyətlidir və yuxusuz gecələrimiz olur. Amma işimi sevirəm. Bu işdə özümə səbr, dözüm və yeni uğurlar arzu edirəm. Hədəflərim böyükdür, amma mən deməyi yox, etməyi sevirəm.

Pərviz Şimşək

1