Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Vaşinqton İranın HƏMAS və İsrail arasında qarşıdurma kontekstində hər hansı addım atmağa hazır olduğuna dair heç bir siqnal görmür.
HİT.az xəbər verir ki, o, bu barədə CNN telekanalına danışıb.
“Biz bunu yaxından izləyəcəyik. Prezident Baydenin mesajı çox aydın idi. Biz bu münaqişənin böyüməsini və genişlənməsini istəmirik", deyə Kirbi bildirib.
Ağ Evin sözçüsü ABŞ-ın Yaxın Şərqdə milli təhlükəsizlik maraqlarına malik olduğunu vurğulayıb.
Bundan əvvəl İranın ali dini lideri Ayətullah Əli Xamenei demişdi ki, İsrail rəsmiləri “Fələstinlilərə qarşı cinayətlərinə” görə məsuliyyətə cəlb olunmalıdırlar. O, həmçinin bildirib ki, əgər İsrail Qəzza zolağını bombalamağa davam edərsə, müsəlmanlar və müqavimət qüvvələri qırılma nöqtəsinə çata bilər: "Onda heç kim onların qarşısını ala bilməyəcək".
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bu fonda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Hər iki tərəfdən minlərlə insan həlak olub və yaralanıb. İsrail Qəzza zolağında quru əməliyyata hazırlaşır.
Samir