Azərbaycan millisi Canni De Byazinin müqaviləsini uzadacaq? - AÇIQLAMA

İDMAN
13:57 / 19.10.2023
786

Uzun müddətdir Azərbaycanın futbol üzrə milli komandasının performansı azarkeşləri qane etmir.

Komandamız bəzi matçlarda qələbə qazansa da, oynanılan oyun hər kəsi məyus edir. Üstəlik, ortada heç bir uğur da yoxdur. Bütün bunların fonunda müqayiləsi yaxın zamanda başa çatacaq baş məşqçi Canni De Byazinin gələcəyi də müzakirə olunmağa başlayıb. Azarkeşlərin böyük əksəriyyəti italiyalı mütəxəssislə yola davam edilməsinin əleyhinədirlər. 

Ümumiyyətlə, Canni de Byazinin müqaviləsi uzadılmalıdır, yoxsa onunla yollar ayrılmalıdır?

Tanınmış idman eksperti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində nəticəsi yoxdur:

336134

"Belə məqamda “qiymətsiz” qiymətləndirmə verilir. Seçmə mərhələdə Estoniyadan əldə edilən 4 xala hər hansı qiymət vermək mümkün deyil. Azərbaycan yığması postsovet ölkələri arasında ən pis nəticə göstərən 3 komandadan biridir. Yəni əslində heç nə dəyişməyib, milli əvvəllər hansı nəticəni göstərirdisə, yenə də həmin nəticədir. Bu da o deməkdir ki, Azərbaycan futbolunda zərrə qədər də inkişaf yoxdur. Amma yenə də milyonlar xərclənib. 

Canni de Byazinin AFFA ilə müqaviləsi başa çatır. Onun hazırkı müqaviləsi mövsümün sonuna – dekabrın 1-nə qədər nəzərdə tutulub. Yəni noyabrda keçiriləcək iki oyundan sonra italyan mütəxəssisin müqaviləsi başa çatır. Onunla müqavilə yenilənməməlidir. Çünki De Byazi hətta əlində olan potensialdan da düzgün yararlana bilmir. Amma onu göndərib başqa məşqçi gətirsələr Azərbaycan yığmasının nəticələri yüksələcək? Qətiyyən".

Mütəxəssis qeyd edib ki, bunun üçün ölkədə futbol təsərrüfatı qurulmalıdır:

"Futbolçu yetişdirmək istəyiriksə, infrastruktur yaradılmalıdır. Biz bunu 2008-ci ildən, Rövnəq Abdullayev AFFA prezidenti seçiləndən və dövlət Azərbaycan futboluna milyonlar ayırandan deyirik. Deyirik ki, o milyonları əcnəbi məşqçilərə verməyin, uşaq futbolu üçün infrastruktur qurun. Bu infrastruktur Azərbaycanın bütün bölgələrində qurulmalıdır. 

Amma nə fayda, özümüz deyib, özümüz də eşidirik. Ona görə də, güman etmirəm ki, De Byazinin gedişi ilə nə isə dəyişəcək. Azərbaycan futbolunda dəyişiklik və inkişaf istəyiriksə, ilk növbədə AFFA dəyişməlidir. AFFA-nın İcraiyyə Komitəsində oturanlara baxın: Rövnəq Abdullayev, Elmar Məmmədyarov, Elşad Nəsirov, Mahir Məmmədov, Rauf Əliyev, Zaur Axundov... 

Hamısı qeyri-peşəkar, diletant və adları müxtəlif qara əməllərdə hallanan şəxslər. Bunlarla futbol inkişaf edər? Etməz, bu aksiomadır. Bu adamlar De Byazini göndərib, başqa bir De Byazi gətirəcəklər. Nəticə olmayacaq, amma “günah keçisi” var, baş məşqçi".

Natiq Muxtarlı problemlərin həlli üçün təkliflər də verib:

"Canni De Byazi göndərilməlidir və onun yerinə yerli mütəxəssis gətirilməlidir. Ondan isə heç bir nəticə tələb edilməməlidir. Çünki hazırkı məhsulla nəticə əldə etmək çətindir. 

Həmçinin, AFFA tam tərkibdə buraxılmalı və futbol təsərrüfatı peşəkarlara tapşırılmalıdır. Ölkədə futbolçu yetişdirmək üçün böyük islahat aparılmalıdır. İşə indi başlanılsa, nəticəsi 10-15 ildən sonra olacaq. Azərbaycan futbolunun dərdi və həll yolu budur. Lakin bu dərdi həll etmək istəyənin olduğuna inanmıram".

Pərviz

0