Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenskini ölkəyə hərbi yardımı davam etdirmək niyyətində olduğuna əmin edib.
HİT.az Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebestreytə istinadən xəbər verir ki, bu barədə hökumət rəhbəri Ukrayna prezidenti ilə telefon danışığı zamanı bildirib.
Jurnalistlərlə keçirdiyi brifinqdə o qeyd edib ki, Şolts və Zelenski münaqişə zonasında mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Siyasətçilər Ukraynadakı siyasi və humanitar vəziyyəti də müzakirə ediblər.
Eyni zamanda, Hebestreyt bildirib ki, Ukrayna lideri Almaniya kanslerinə hərbi dəstəyə görə təşəkkür edib. Dövlət başçısı xüsusilə qış ərəfəsində Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini qeyd edib.
"Olaf Şolts Almaniyanın Avropa və beynəlxalq tərəfdaşlarla sıx koordinasiya şəraitində Ukraynaya, o cümlədən hərbi sahədə dəstəyini davam etdirəcəyinə əmin etdi", deyə Almaniya hökumətinin nümayəndəsi bildirib.
O, həmçinin əlavə edib ki, Şolts və Zelenski Ukrayna böhranının sülh yolu ilə həlli naminə sıx əlaqə saxlamağa razılaşıblar.
Samir