Baş Plansız qalan Bakı - Bu vəziyyət hansı problemlərə səbəb olur?

İQTİSADİYYAT
21:51 / 21.10.2023
526

20 ildir ki, Bakı Baş Plansız böyüyür. Bu isə dünyada anoloqu olmayan hadisədir. Baxmayaraq ki, son 125 ildə Bakı hər zaman Baş Plana uyğun inkişaf edib. 

Paytaxtın ilk perspektiv Baş Planının müəllifi 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon der Nonne olub.

İkinci Baş Plan 1932-ci ildə, üçüncüsü isə 1964-cü ildə hazırlanıb. Azərbaycan SSR Nazirlər Soveti 1986-cı ildə şəhərin 4-cü planını təsdiqləyib və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Artıq 20 ilə yaxındır ki, Bakı Baş Plansız inkişaf edir. 

Nəzərə alaq ki, son 20 ildə Bakı həm tikinti coğrafiyasına və əhalisinə görə 3 dəfədən çox böyüyüb. Əgər 2000-ci ilə qədər Bakıda 1 milyona yaxın əhali yaşayırdısa, hazırda Bakı 3 milyondan artıq insana qucaq açıb. Artıq Bakı şəhəri salınan massivlər hesabına Sumqayıt, Xırdalan şəhərləri bir yana, hətta Pirallahı və Ələt qəsəbələri ilə birləşib. Nə yazıq ki, bu qədər genişlənmə plansız və özfəaliyyət şəklində olub. Bu isə gələcəkdə çox ciddi problemlər yaradacaq. 

Bəs, Baş Plan niyə yoxdur?

Uzun illər yeni Baş Plan ətrafında müzakirələr aparılsa da ortaya heç bir sənəd qoyulmayıb. Nəhayət, 2019-cu ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “The Boston Consulting Group” şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırırdı.

Hətta “AS+P” şirkəti ilə 6 milyon 391,2 min ABŞ dolları (10 milyon 865 min manat) məbləğində satınalma müqaviləsi bağlandı. Müqaviləyə görə 2020-ci ilin sonuna qədər Baş Planın yeni layihəsi hazır olmalı idi. Nəzərdə tutulan vaxtdan 3 il keçib. Amma hələ də Bakı Baş Plansız böyüyür.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan memar Cahid Həsənov təəssüflə bildirib ki, hazırda Bakıda həyata keçirilən infrastruktur layihələri Baş Plansız icra olunur:

“Hazırda bunun çətinliklərini yaşayırıq. Ən böyük acını isə gələcəkdə görəcəyik. Çox təəssüf ki, bu gün Bakıda tikinti işləri cavabdeh və səlahiyyətli dövlət qurumlarının yox, tikinti şirkətlərinin istəyinə uyğun aparılır. İxtiyari bir şirkət 15-20 sot yer alır və çoxmərtəbəli bina tikməyə başlayır.

Hazırda şəhərin mərkəzi hissəsində ancaq bir neçə bloklu binalar inşa edilir. Yan-yana inşa edilən binalarınsa hərəsini bir MTK tikir. Bu MTK-ların heç bir sosial öhdəliyi olmur. 

Tikinti aparan şirkət üçün maraqlı deyil ki, burada yaşayacaq insanlar sabah hansı məktəbə, hansı baxşaya və yaxud hansı poliklinikaya gedəcəklər. Hətta zəruri kommunikasiyalar da başdansovdu aparılır. Qaz, su, kanalizasiya və elektrik xətləri ən yaxın şəbəkəyə qoşulur.

Müvafiq qurumlar da belə hallara göz yumurlar. Ona görə də şəhərin mərkəzindəki məktəblərdə sıxlıq, poliklinikalarda basabasdır. Baxçalardakı yer çatışmazlığı isə tamam başqa bir məsələdir”.

Tikinti normativləri niyə pozulur?

Cahid Həsənov qeyd edib ki, bütün zamanlarda tikinti normativləri olub: 

“Məsələn, neçə min sakinə neçə baxça, məktəb və poliklinika düşür və s. Amma bu gün bütün normativlər kənara atılıb. Ancaq iş adamlarının istəyi ilə binalar tikilir. 

Əminliklə deyə bilərəm ki, Baş Plan olsa, onda 30-40 sot yeri olan iş adamına ev tikməyə icazə verilməyəcək. Tikinti şirkətlərindən tələb olunacaq ki, massiv salsın və həmin massivdə bütün infrastruktur yaradılsın. İnsaf naminə deyək ki, bu gün Bakıda yaşayış kompleksləri də inşa edilir. Amma bu barmaqla sayılacaq qədər azdır”. 

Baş Planın olmamasından daha çox kim əziyyət çəkir?

Memar suala cavab olaraq bildirib ki, Baş Planın olmamasından təkcə əhali yox, dövlət də əziyyət çəkir:

“Məsələn, Səbail və yaxud Nəsimi rayonunda iş adamları gəlir yer alır, bir neçə çoxmərtəbəli bina inşa edir. Pulunu qazanan şirkət sahibi çxıb gedir. Əvəzində dövlət yenidən xərc çəkib həmin binalara kommunikasiya xətləri çəkir. Ən əsası o şirkətlərin binalarındakı sakinlər üçün məktəb, bağça, poliklinika tikir. Bu isə dövlətə yüz milyonlarla manata başa gəlir. Amma Baş Plan olsa, bu işlərin hamısı tikinti şirkətinin üzərinə qoyular və dövlət əlavə xərclərdən qurtular”.

0