Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
HİT.az xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.
***
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıt şəhərində “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Diqqətə çatdırılıb ki, sənaye parkının bir hektar ərazisində inşa edilmiş müəssisədə qablaşdırmada istifadə olunan qofro karton, fayl və digər məhsullar istehsal ediləcək.
İtaliya və Çin texnologiyalarının tətbiq edildiyi müəssisədə 20 çeşiddə məhsul istehsal olunacaq. Ümumi investisiya dəyəri 4,8 milyon manat olan müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçilərin sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur.
Dövlət başçısı müəssisəni işə salıb.
***
Oktyabrın 23-də Sumqayıtda “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı olub.
Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək. Yüz faiz Çin kapitallı müəssisə üçün investisiya dəyəri 40 milyon ABŞ dolları, işçi sayı 400 nəfər nəzərdə tutulsa da, hazırda müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 484 nəfər işlə təmin olunub. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
Qeyd edək ki, “Vanhong Ceramics”in hazırda Çində 5 zavodu var, həmçinin dünyanın 5 ölkəsində müəssisələri fəaliyyət göstərir.
“Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin baş direktoru Ciyi Vanq dedi: Möhtərəm cənab Prezident, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılış mərasimində iştirakınızla bizi qürurlandırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Azərbaycana bu qədər vəsait qoyursunuz, 81 milyon manat investisiya çox böyük rəqəmdir. Bu investisiyalar şirkətiniz, yəni, Çin şirkəti tərəfindən qoyulur. İndi mən gördüm ki, işçilərin sayı da 500-ə yaxındır. Bu, eyni zamanda, iş yerlərinin yaradılması proqramımıza da növbəti töhfədir. Əlbəttə ki, belə müəssisələr Çin-Azərbaycan dostluğunu daha da gücləndirir. Bu zavod cəmi bir il yarıma inşa edildi. Yəni, ilyarım bundan əvvəl mən onun təməlini qoymuşam.
Ciyi Vanq: Bəli.
Prezident İlham Əliyev: Ona görə əminəm ki, fəaliyyəti də uğurlu olacaq və siz işinizi davam etdirəcəksiniz.
Ciyi Vanq: Sizin köməyinizlə hər şey yaxşı olacaq.
Prezident İlham Əliyev: Gözəl məhsuldur. İdxala da ehtiyac qalmır. Daxili bazarı təmin edəcəksiniz?
Ciyi Vanq: Təmin edəcəyik.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını edib.
Açılış mərasimində bildirilib ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqustunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye parkının 3,5 hektar ərazisində inşa edilmiş müəssisədə iki növ məhsulun – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
Qeyd edək ki, “Novus Plastica” MMC tərəfindən “SOCAR Polymer” MMC-nin və “Azərikimya” İstehsalat Birliyinin məhsullarından xammal kimi istifadə olunacaq.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
***
Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıtda “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.
Məlumat verilib ki, “Çinar-Servis” 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib.
Şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 13,3 milyon manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır. “Çinar-Servis” tərəfindən istehsal olunan sənaye qazları ölkəmizdə bu məhsullara tələbatı ödəməklə yanaşı, Gürcüstana, Türkiyəyə, Rusiyaya da ixrac ediləcək.
Dövlətimizin başçısı istehsal müəssisəsinin təməlini qoyub.
***
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Sumqayıta səfəri çərçivəsində “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyulub.
Dövlət başçısına müəssisə barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən sənaye parkının 2,5 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 250 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
Dövlət başçısı müəssisənin təməlini qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.
Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.
Bildirildi ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.
Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.12.25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.
HİT.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.
Sonra dövlət başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.