"Bütün dünyada sursat qıtlığı yaşanır".
HİT.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal "Financial Times" qəzetinə müsahibəsində bildirib.
Nazir əmindir ki, mərmiləri Ukraynada istehsal etmək lazımdır. Denis Şmıqal xatırladıb ki, Kiyev resursları hərbi-müdafiə kompleksinə cəmləşdirmək üçün artıq büdcəyə dəyişikliklər edib.
Oktyabrın 18-də Ukrayna və Rumıniya sursat istehsalının genişləndirilməsi və müdafiə qabiliyyətinin artırılması haqqında memorandum imzalayıb.
Şmıqal həmçinin qeyd edib ki, ölkədə dron istehsalı il ərzində yüz dəfə artıb, 200-dən çox müəssisə PUA-ların hazırlanmasına başlayıb. Onun sözlərinə görə, Ukrayna hərbi-sənaye kompleksinin inkişafına yanaşmalar xeyli dəyişib.
Eyni zamanda, adı çəkilməyən bir məmur jurnalistlərə bildirib ki, Ukrayna hakimiyyəti qlobal barıt qıtlığı səbəbindən mərmi istehsalı prosesini tez bir zamanda bərpa edə bilməyəcək.
Bundan əvvəl Denis Şmıqal bildirib ki, Ukrayna Aİ-dən 1,5 milyard avro məbləğində makromaliyyə yardımının doqquzuncu tranşını alıb. Onun sözlərinə görə, Avropa İttifaqının maliyyə dəstəyi Ukraynaya kömək edən ən mühüm amillərdən biridir.
Samir