“Azərsu”nun keçmiş əməkdaşı Gürcüstandan Azərbaycana ekstradisiya olundu - FOTO

HADİSƏ
23:40 / 24.10.2023
542

Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya olunub.

Bu barədə HİT.az-a Baş Prokurorluqdan bildirilib.

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında”22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Mürşüdlü Vüsal Yasin oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Yasamal rayon polis idarəsində istintaq olunan cinayət işi üzrə Vüsal Mürşüdlünün Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarışa verilib.

Vüsal Mürşüdlü Gürcüstan ərazisində saxlanılaraq 24.10.2023-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Qeyd edək ki, Vüsal Mürşüdlü vaxtilə “Azərsu” ASC-də çalışıb. O, daha sonra tikinti işləri ilə məşğul olub və bir neçə nəfərdən tikinti məqsədilə xeyli pul alıb vədinə əməl etməmə ittihamı ilə barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb. İstintaq müddətində V.Mürşüdlünün ölkəni tərk etdiyi üzə çıxıb və o, axtarışa verilib.

0