Bu il ölkəmizdə qoyulan investisiyaların həcmi artıb.
Belə ki, 2023-cü ildə Azərbaycanda məhsul istehsalına yönəlmiş investisiyalar 20,8%, xidmət sahələrinə yönəlmiş investisiyalar isə 27,4% artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında yazıb.
Ümumiyyətlə, bu artıma təsir edən əsas səbəb nədir? Sözügedən investisiyaları daha da artırmaq üçün hansı addımların atılması lazımdır?
İqtisadçı ekspert Xalid Kərimli HİT.az-a açıqlamasında bildirib ki, bu artıma təsir edən əsas səbəb Qarabağ və Şərqi Zəngəzura qoyulan investisiyalardır:
"Nəzərə almaq lazımdır ki, hər il Qarabağ və Şərqi Zəngəzura dövlət büdcəsindən əhəmiyyətli dərəcədə investisiyalar qoyulur. Bu, 2023-cü ildə isə əvvəlki illərdən daha çox olub. Hətta ilin ortasında büdcənin 3 milyard manat artırılmasının əsas səbəblərindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasına büdcədə nəzərdə tutulandan daha çox vəsait ayrılmasının zəruri hesab olunmasıdır.
Qoyulan investisiyaların təqribən 77 faizi daxili resurslar hesabınadır. Yəni büdcənin və şirkətlərin qoyduğu investisiyalardır. 75 faizdən yuxarı olan investisiya da bina və tikinti xərcləridir. Əslində artımın da əsas səbəbi bina və tikintiyə qoyulan investisiyaların artmasıdır".
Ekspert əlavə edib ki, "yaşıl enerji"yə yatırım investisiyalarının həcmlərində də müəyyən dəyişikliklər var:
"Yəni ölkə enerji infrastrukturunun yaradılmasına investisiya qoyur. Bunu dövlət maliyyəşdirir, xarici şirkətlər də burada iştirak edir. Hökumət həm Qarabağ və Şərqi Zəngəzurun bərpası, həm enerji infrastrukturunun təkmilləşdirilməsi, həm yol və dəmiryolu xətti infrastrukturunun inkişafına ciddi fikir verir.
20-23 faizlik qoyulan xarici investisiya da əsasən neft sektoruna yönəlib. Amma qeyri-neft sektorumuzda xarici ölkələrin investisiyaları azdır".
Xalid Kərimli vurğulayıb ki, nəqliyyat və informasiya kommunikasiya xidmətləri də önplandadır:
"Hökumət buna da ciddi investisiya qoyub. Əsas səbəblərdən biri də dövlət büdcəsindən maliyyələşmənin artmasıdır. Həmçinin, buna səbəbi 2022-ci illə müqayisədə iqtisadiyyatın genişlənməsində və pandemiyadan sonrakı məhdudiyyətlərin tamamilə aradan qalxması ilə investisiya aktivliyinin artmasında görürəm.
Bundan sonra isə ölkədəki investisiya və rəqabət mühiti təkmilləşdirilməlidir. Təkcə dövlət büdcəsindən investisiyalar olmamalı, həm də xarici investisiyalar qeyri-enerji sektoruna təşviq edilməlidir. Yəni xarici investisiyaların təşviqi üçün stimullar artırılmalıdır".
Pərviz