Zəngəzur dəhlizi: hamı üçün əlverişli həll ssenariləri - TƏHLİL

SİYASƏT
13:04 / 26.10.2023
552

Zəngəzur dəhlizi bu gün Azərbaycanın reallaşdırmaq istədiyi ən perspektivli layihələrdən biridir. Azərbaycan tərəfindən təklif olunmuş bu marşrut Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvan arasında Ermənistan ərazisindən keçərək nəqliyyat əlaqəsinin yaradılmasına yönəlib. Bu dəhlizin yaradılması fikri 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra imzalanmış Üçtərəfli bəyanat nəticəsində ortaya çıxıb. Belə ki, bəyanatın müddəalarından birində Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasına sadiqliyindən bəhs olunur ki, bu da hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və məhsulların maneəsiz daşınmasına imkan verə bilər.

Lakin Ermənistan bilərəkdən bu marşrutun açılmasını təxirə salır. Azərbaycan isə Ermənistanın nala-mıxa vurmağa davam edəcəyi təqdirdə yüklərin İran ərazisindən göndərilməsi imkanını nəzərdən keçirir. Rəsmi Bakı Azərbaycanın guya Ermənistanın Zəngəzur dəhlizinin keçəcəyi Sünik vilayətini "tutmaq" niyyətində olduğuna dair mifləri artıq çoxdan çürüdüb. Bununla belə, Azərbaycan ölkənin əsas hissəsi ilə Naxçıvan arasında marşrutla sərnişinlərin daşınmasının təhlükəsizliyinə dair etibarlı təminat tələb edir.

Bu yaxında gürcü və ukraynalı siyasətçi Mixail Saakaşvili Ermənistana bu yubanmanı gözdən keçirərək marşrutun potensial faydalarını öyrənməyi təklif edib. O bir zamanlar Ukrayna və Moldovanın bənzər vəziyyətdə qəbul etdiyi qərara analoji həll yolu təklif edib.

30 iyun 2011-ci ildə Kişinyovda Odessa-Reni avtomobil yolunun Moldovanın Palanka kəndi yaxınlığındakı hissəsinin, eləcə də ona bitişik torpaqların sərhədlərini müəyyən edən saziş imzalanıb.

Bu hissədə şossenin və lazımi bütün infrastrukturun istismarı və texniki qulluğuna görə məsuliyyət Ukraynanın üzərinə düşür. Eyni zamanda, Moldova şossenin bu hissəsindən pulsuz istifadə üstünlüyünü özündə saxlayır. Bundan başqa, dövlət sərhədlərini keçərkən aparılan adi sərhəd, gömrük və digər yoxlanış formaları bu hissəyə tətbiq olunmur.

İlkin olaraq Moldova və Ukrayna tərəflərində ayrı-ayrı nəzarət-buraxılış məntəqələri fəaliyyət göstərirdi. Lakin sonradan qəbul prosesini sadələşdirmək üçün birgə nəzarət mexanizmi tətbiq olundu. Bundan başqa, Palanka sakinləri şossenin əks istiqamətində Moldova ərazisində yerləşən 900 hektarlıq sahədə kənd təsərrüfatı yerlərindən maneəsiz istifadə hüququnu birmənalı şəkildə özündə saxlayır.

Qeyd olunan nümunə bu köhnə problemin potensial həll yolunu sübutlarla göstərir. Ermənistan üçün açıq-aşkar maliyyə üstünlükləri ilə yanaşı, bu marşrut ölkənin iqtisadi artımını təşviq etməyi və Qərb bazarlarına çıxış imkanını təmin etməyi vəd edir. Azərbaycanın bu layihə çərçivəsində təşəbbüsü daha geniş regional inkişafın əsasını qoyacaq.

Prezident İlham Əliyevin Azərbaycanı Avrasiyanın əsas tranzit habına çevirmək strategiyası ölkənin geosiyasi əhəmiyyətini mühüm dərəcədə artırır. Azərbaycan ərazisindən keçən marşrutlar təhlükəsiz və səmərəli tranzitin təmin olunması üzrə səylər sayəsində həmişəkindən daha cəlbedici olub. Azərbaycanın dəmir yolu, avtomobil və dəniz yolu nəqliyyatı üçün müasir infrastrukturu həm vaxta, həm də maliyyə vəsaitlərinə qənaət edir ki, bu da ötən il yük tranzitinin həcminin 75 faizdən çox artmasına səbəb olub.

Son məlumatlara əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımalarının həcmi 166,9 milyon tona çatıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,9 faiz çoxdur.

Zəngəzur dəhlizinin açılması Xəzər dənizinin nəqliyyat şəbəkəsini, o cümlədən Şərq-Qərb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini möhkəmləndirə bilər. Bu həmçinin, Xəzər dənizindən Avropaya uzanan neft-qaz boru kəmərləri sistemini möhkəmləndirərək regionun tranzit potensialını artıra bilər. Bundan başqa, Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizinin bir hissəsi kimi Asiya və Avropanı Azərbaycan üzərindən birləşdirməklə ölkənin Avrasiyanın nəqliyyat-logistika qovşağı olaraq mövqeyini möhkəmləndirəcək.

İstənilən halda Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Əsas sual isə budur: Ermənistan bu prosesə töhfə vermək istəyirmi?

Mənbə: Trend.az

0