Çörəkdən sonra digər un məmulatları da ucuzlaşacaq? - AÇIQLAMA 

İQTİSADİYYAT
11:29 / 30.10.2023
696

Ölkəmizdə çörəyin qiymətinin ucuzlaşmasının digər un məmulatlarına da təsir edib-etməyəcəyini müzakirə olunur.

Yəni makaron, verməşil, habelə şirniyyatların qiymətində azalma ola biləcəyi gündəmə gəlib. Buna səbəb çörəyin qiyməti bahalaşanda sözügedən un məmulatlarının da qiymətlərində artım yaşanması idi.

Ümumiyyətlə, çörəkdən sonra digər un məmulatlarının da ucuzlaşması gözlənilirmi?

Qida məsələləri üzrə ekspert Ağa Salamov HİT.az-a açıqlamasında bildirib ki, un dünya birjasında ucuzlaşdığı üçün Azərbaycanda da çörəyin qiyməti 21,4% aşağı düşdü:

336808

"Artıq neçənci dəfədir ki, çörək ucuzlaşır. Bu da ümumi olaraq 21,4% nisbətindədir. Ancaq digər un məmulatlarının tərkibi sadəcə un, su, duz və mayadan ibarət deyil. Məsələn, makaron və verməşilin tərkibində yumurta da var. Bu səbəbdən sözügedən məmulatlarda ciddi qiymət enməsi gözlənilmir. Çünki onların tərkibi təkcə undan ibarət deyil. 

Şirniyyat məmulatlarında isə şəkər, kərə yağı və kişmiş, qoz kimi müxtəlif inqridientlər var. Həmçinin, onlara başqa inqridientlər də daxil olduğuna görə ciddi qiymət enməsi gözlənilmir".

Ekspert qeyd edib ki, bəzi işbazlar çörək bahalaşan kimi undan hazırlanan bütün un məmulatlarının qiymətini qaldırırlar:

"Halbuki, həmin məmulatlar çörək qiymətinə satılmırdı. Çörəkdən baha satılmasına səbəb də təkcə undan hazırlanmamasıdır. Amma bu o demək deyil ki, çörək bahalaşan kimi makaronun və ya şirniyyatların da qiyməti artmalıdır. Elədirsə, çörək ucuzlaşanda da onların qiyməti aşağı düşməlidir. Niyə qiymətləri endirmirlər? Çünki onlara qiyməti aşağı endirmək sərf etməyəcək. Məsələn, tortun tərkibində un var, amma içində yumurta, şanti, krem, şəkər, qatılaşdırılmış süd və digər inqridientlər olur. Yəni buna görə tortun maya dəyəri yüksəlir. 

Təkcə undan hazırlanan biskvitə isə unun qiymətinin dəyişməsi o qədər də təsir etmir. Amma çörək ancaq undan hazırlandığı üçün unun qiyməti bahalaşanda onun da qiyməti artır. Çörəyin ana maddəsi sırf undan ibarət olduğu üçün undakı qiymət dəyişikliyi ən çox ona təsir edir".

Ağa Salamov əlavə edib ki, çörəyin ucuzlaşması digər un məmulatlarının qiymətinə təsir etməyəcək:

"Ümumiyyətlə, unun qiymətinin 5-10 qəpik qalxması və ya enməsi makaron, verməşil kimi məmulatlara o qədər də təsir etmir. Lakin yumurta və ya kərə yağının qiyməti dəyişərsə, onda makaron, tort kimi un məmulatlarının da qiyməti bahalaşa və ya ucuzlaşa bilər. Yəni təkcə unun qiymətinin qalxması və enməsinin sözügedən məhsullara böyük təsiri yoxdur".

Pərviz

0