İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsi və HƏMAS arasında birbaşa danışıqların mümkünlüyünü rədd edib.
HİT.az xəbər verir ki, o, bu barədə "Rossiya 24" telekanalının efirində bildirib.
Səfir həmçinin vurğulayıb ki, Qüdsdə hazırda radikal qruplaşmanın saxladığı girovların vəziyyəti ilə bağlı məlumat yoxdur.
"İsraillə HƏMAS arasında birbaşa danışıqlar yoxdur və ola da bilməz, çünki bizim mövqeyimiz çox sadədir: bütün girovlar heç bir şərt olmadan azad edilməlidir", deyə bildirib.
"Ynet"in məlumatına görə, HƏMAS 138 xarici vətəndaşı əsir saxlayır.
Oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və "Əl-Əqsa tufanı" əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisinə hücum edərək onlarla hərbi texnikanı və yüzdən çox girovu ələ keçirib. Bunun fonunda İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanır və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında yaraqlıların yüzlərlə hədəfinə zərbələr endirib və ölkənin Milli Təhlükəsizlik Şurası anklava su, ərzaq, mal, elektrik və yanacaq tədarükünü dayandırmaq qərarına gəlib.
Samir