Çörək ucuzlaşırsa, gərək dönər də ucuzlaşa? - REPORTAJ

İQTİSADİYYAT
16:25 / 30.10.2023
455

Bir neçə gündür ki çörəyin qiyməti yenidən ucuzlaşıb. Belə ki, böyük marketlərdə 650 qramlıq çörəyin qiyməti 60 qəpikdən 55 qəpiyə düşüb. Çörəyin qiymətinin ucuzlaşması idxal olunan ərzaqlıq buğdanın qiymətinin ucuzlaşması ilə əlaqələndirilir.

Bu da öz növbəsində digər un məmulatlarının və qidalarının ucuzlaşmasınl labüd edir. Bu qidalara dönər yeyəcəkləri də daxildir. Xatırlayırsınızsa, ilin əvvəlindən etibarən bir çox dönərxana və böyük restoran şəbəkələri dönərin qiymətini bir neçə dəfə artırmış və bunu da məhz çörəyin qiymətinin bahalşması ilə əlaqələndirmişdi.

Çörəyin bahalaşmasından sonra dönərin 2 manat olduğu yerlərdə 2,30; 3 manat olduğu yerlərdə 3,20:, 2.50 olduğu yerlərdə isə dönər 2,80-ə təklif olunur.

Nəzərə alsaq ki, bu, çörəyin il ərzində üçüncü ucuzlaşmasıdır (birincisi bu ilin mart ayında-70 qəpikdən 65 qəpiyə, ikincisi iyun ayında isə 65 qəpikdən 60 qəpiyə düşüb), o zaman dönər qiymətləri də yenidən ucuzlaşa bilər.

Hit.az-ın əməkdaşı bununla bağlı olaraq, Yasamal rayonunda yerləşən bir neçə dönərxanaya baş çəkib.

Dönərxanalardan birinin işçisi ilə söhbətimizdə bildirdi ki, çörəyin qiyməti ucuzlaşsa da, ət bahadır:

"Çörək ucuzlaşs bilər, amma ətin qiyməti bahalaşır. Biz də ona uyğun qiymət qoyuruq. Toyuq dönəri 2,80, ət dönəri 3 manatdır. Müştərilərimiz də hər zaman olur. Biz çalışırıq ki, qiymətləri ən minimum həddə saxlayaq. İnsanların cibini də nəzərə alırıq. Amma gərək müştərilər də bizi nəzərə alsın".

Başqa bir dönərxana işçisi isə ucuzlaşan ərzağın yalnız çörək olduğunu dedi:

"Pamidor, xiyar, mayonez, ət - baxın, bunların hamısını baha qiymətə alırıq. "Çörək ucuzlaşdı, dönəri ucuzlaşdıraq",-deyə bilmirik. Çünki digər inqridentlər bahadır. Necə alırıqsa, ona da uyğun qiymət qoyulur".

Yol aldıq başqa bir dönərxanaya. İşçi özünün də qiymətlərə qarışa bilmədiyini deyib:

"Vallah bizə belə tapşırılır, biz də işimizi görürük. Rəhbərlik desə, ucuzlaşdırarıq, deməsə də, belə qalar. Amma siz 2,50-dən daha ucuz dönər axtarırsınız? 1 manatlıq dönərxanalar var, nə ətindən hazırlandığı bəlli deyil. Gətirdiyimiz ət təmiz mal ətidir. Təmiz mal ətinə də bu qiymət normaldır. Daha ucuz satsaq, gərək ancaq çörək sataq".

Təbii ki, bu açıqlamalar və bu yanaşmalar absurddur. Çünki çörəyin qiyməti qalxanda dönər qiymətlərini bahalaşdıran rəhbərliklər bu məntiqlə gərək ki, çörək ucuzlaşanda da qiyməti ucuzlaşdırsınlar...

Aynur

0