Gələn il maaş, pensiya və təqaüdlər artacaq? - RƏY

İQTİSADİYYAT
11:15 / 31.10.2023
601

"Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatası rəy verib.

Rəydə qeyd olunub ki, bu ilin yanvar-sentyabr aylarında müxtəlif markalar üzrə orta hesabla neftin aylıq qiyməti 80,6 ABŞ dollar təşkil edib. Bildirilib ki, proqnozlara əsasən, gələn il neft qiymətlərinin əsasən 80-95 dollar intervalında dəyişəcəyi gözlənilir.

Ümumiyyətlə, neft qiymətlərinin gələn il 80-95 dollar səviyyəsində proqnozlaşdırılması büdcəyə necə təsir edəcək? Maaşlarda, pensiya və təqaüdlərdə artım gözlənilə bilər?

İqtisadçı ekspert Elşən Bağırzadə HİT.az-a açıqlamasında bildirib ki, bu, müxtəlif beynəlxalq təşkilatların verdiyi ilkin proqnozdur:

"Üstəlik, bu proqnozlar kifayət qədər təqribidir. Xüsusilə neft bazarında bu cür risklərin olduğu dünya iqtisadiyyatında gələn il neftin orta qiymətinin nə qədər olacağını demək olmaz. Hətta neftin qiyməti 80-95 dollar səviyyəsində olsa belə Azərbaycan büdcəsində o qiymətlə götürülməyəcək. Çünki o, kifayət qədər riskli büdcə ola bilər. İndidən il boyu neftin qiymətlərinin bu ətrafda dəyişəcəyini də demək doğru deyil. Yəqin ki, büdcədə neftin qiymətini yenidən 50-60 dollar civarında götürəcəklər. Düşünürəm ki, builki ilə müqayisədə çox az fərq ola bilər".

336884

Ekspert vurğulayıb ki, neft qiymətləri və ya digər mənbələr hesabına ölkədə iqtisadi artım olarsa, maaşlar, pensiyalar və digər ödənişlərdə də müəyyən artım ola bilər:

"Amma nə qədər artacağı isə növbəti ilin proqnozlarından asılı olacaq. Dəqiqləşdirilmiş proqnozlar isə hələ verilməyib. Ona görə gələn il hər şey iqtisadi artımın səviyyəsindən asılı olacaq. 

Nəzərə almaq lazımdır ki, ölkədə iqtisadi artım aşağı səviyyədə olanda maaşları, pensiyaları inzibati yolla artırmaq təhlükəlidir. Artımların yeganə mənbəyi iqtisadi artımlar olmalıdır. Biz ölkədə yüksək iqtisadi artım olmasına çalışmalıyıq. Belə olan halda isə maaşlar, pensiyalar və müavinətlər ona uyğun olaraq istər özəl, istərsə də dövlət sektorunda yüksələcək".

Elşən Bağırzadənin sözlərinə görə, minimum əməkhaqqını süni şəkildə qaldırmaq isə bazar iqtisadiyyatına və ölkəmizin inkişafına töhfə verməz:

"Onların hamısının təməlində iqtisadi artım olmalıdır. Buna görə də ölkənin iqtisadiyyatının böyüməsi üçün çalışmalıyıq. Xüsusilə də qeyri-neft sektoruna diqqət ayırmalıyıq. Həmçinin, daha dayanıqlı vergi və digər gəlirlərimiz olmalıdır. Ölkə iqtisadiyyatını, pensiyaları, müavinətləri neftin qiymətindən asılı etmək kifayət qədər risklidir".

Pərviz

0