Erkən nikahları yaradan başqa səbəb: Müğənnilərin çıxışları...

SOSİAL
18:50 / 31.10.2023
794

Son illər ölkədə erkən nikahların sayı artıb və bunun da müxtəlif səbəbləri var. 

Ailə tərəfindən edilən  basqılar daha böyük faiz təşkil etsə də, sosial şəbəkələr və televiziyalarda yayımlanan  bəzi sou poqramlar  da  bu məsələdə müəyyən rol oynaya bilir. 

Həmin verilişlərə dəvət olunan  müxtəlif sənət adamları, xüsusilə müğənnilər izləyicilərə erkən evliliklərindən bəhs edir. 

Sanki normal hal imiş kimi  erkən evliliklərindən və bu yaşda uşaq dünyaya gətirmələrindən ağızdolusu danışırlar. Təbii ki, bu kimi amillər də cəmiyyətə mənfi təsir göstərir.

Psixoloq Fərqanə Mehmanqızı Hit.az-a açıqlamasında bildirib ki, bu kimi çıxışlar ilk növbədə gələcəyimiz üçün zərərlidir: 

"Bu, mənfi haldır. Çünki biz cəmiyyət olaraq da, dövlət olaraq da erkən evliliyə qarşıyıq. Hər hansı ictimai mühitdə göz önündə olan şəxsin belə fikirlər səsləndirməsi, normal halmış kimi bundan danışması zərərlidir. Hər bir zərərli vərdiş isə cəmiyyət üçün qarayara deməkdir. Buna görə də kanal rəhbərliklərinin özü bunun qarşısını almalıdır. Hər zaman erkən evliliyin sonrakı fəsadları barədə danışmışıq. Savadlı, intelektual gələcək üçün yaxşı olardı ki, maarifləndirici verilişlərin sayı artırılsın. Erkən evliliklər həmçinin bir gələcəyi bəlaya sürükləyə bilər. Bunun haqqında mərifətmiş kimi danışmaq yox, əksinə pisləmək lazımdır. O verilişlərə uşaqların da baxmasına icazə verməməliyik. Əgər baxırlarsa da, düzgün olanı onlara izah etməli, nəyin yanlış olduğunu başa salmalıyıq. Çünki bu kimi fikirlər, səsləndirmələr mənfi psixoloji təsirlər göstərir". 

Aynur Əli

0