"İşğaldan azad olunan ərazilər kənd təsərrüfatını inkişaf etdirəcək"

İQTİSADİYYAT
20:35 / 31.10.2023
496

Xəbər verildiyi kimi, 2023-cü il oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycanda iribuynuzlu və xirdabuynuzlu heyvanların sayının azaldığı açıqlanıb.

Belə ki, iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş olub. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş azalıb. 7 mln. 223.2 min baş təşkil edən xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.

Lakin işğaldan azad olunan ərazilərin minadantəmizlənməsi ilə bu sahədə olan çatışmazlıqların da aradan qalxacağı ehtimalı böyükdür.

İqtisadçı Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, həmin ərazilərdə kənd təsərrüfatı sahəsi inkişaf etdirildikdən sonra bu, qiymətlərə də təsir edəcək: 

"İşğaldan azad olunan ərazilərimizdə heyvandarlıq üçün münbit şərait var. O bölgənin əhalisinin də heyvandarlıqla məşğul olmaq təcrübələri var. İşğaldan azad olunan ərazilərdə minadantəmizlənmə daha da sürətləndirildikdən, ərazilər genişləndirildikdən sonra orada da heyvandarlıqla məşğuliyyət artacaq. Hazırda da orada heyvandarlıqla məşğul olanlar var, lakin bu, kütləvi xarakter daşımır. O ərazilərdə heyvandarlıqla məşğul olmaq kütləviləşəndən sonra mal-qaranın da sayı artacaq. Bu, həm də qiymətlərin enməsinə müsbət yöndə təsir edəcək. İşğaldan azad olunan ərazilər ümumilikdə kənd təsərrüfatı sahəsində müsbət irəliləyişlər gözlənilir".

Aynur Əli

0