Boşanmaların artmasında sosial şəbəkənin rolu

ÖLKƏ
15:35 / 01.11.2023
387

Sosial şəbəkə həyatımızın ayrılmaz parçasıdır. İndi ixtiyari birimiz günümüzün ən azı bir neçə saatını sosial şəbəkələrdə keçiririk. Necə deyərlər, əzizlərimizə, yaxınlarımıza ayırmadığımız vaxtı məmnuniyyətlə sosial şəbəkədə xərcləyirik. Əslində bu şəbəkə bizə çox az şey verir, amma çoxlu dəyərlərimizi və qiymətli vaxtımızı əlimizdən alır. Bu gün sosial platformalar kimlər üçün əyləncə, kimlər üçün, biznes, kimlər üçünsə ünsiyyət yeridir.

Sosial şəbəkələr həm də çoxlu yeni tanışlıqlar yeridir. Bu tanışlıqlar sonradan dostluğa, yaxın münasibətə çevrilir. Bəzilərimiz isə bir qədər də qabağa gedib gələcək ömür-gün yoldaşımız bu platformada axtarırıq. Bəzən də tapırıq. Amma bu tapıntımız çox zaman bizə baha başa gəlir. Tanış oluruq, ailə qururuq və qısa zaman keçəndən sonra yanlış seçim olduğunu görürürük. 

Mütəxəssislərdə təsdiq edir ki, artan boşanmaların bir səbəbi məhz sosial şəbəkədir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında qeyd edib ki, əvvəllər insanlar illərlə sevib ailə həyatı qura bilirdi. İndi  sevgi, istək, yoxdur. İnsanlar bir-birini bəyənir evlənir. Sonra bir çatışmazlıq olur və ailə həyatında qane olmayan tərəflərdən biri axtarışa başlayır: “Bu dövrdə ailə davam edir. Axtarılan tapıldıqdan sonra artıq bu özünü ailədə göstərməyə başlayır. Sosial şəbəkələrin digər mənfi cəhəti budur ki, ailə həyatında problemlər yaşayanlar başqalarına tez inanırlar. Mənəvi, duyğusal gözləntilər sonradan ağır çöküşlə nəticələnə bilər. Aldadılan, təcavüzə uğrayan, cinsi istismar edilən, şantaj edilən qadınların sayı buna görə artır. Sosial şəbəkələrdə tanışlıq daha çox qadınlara problem yaradır. Ailələrdə tərəflər yaşadıqları problemləri oturub danışıb aradan qaldırmaq yerinə, başqa insanda çarə axtarırlar. Və həyatlarında olan bu boşluq, onları səhv etməyə yönləndirir”.

Sosioloqun sözlərinə görə, cütlüklərin bir-birinə, yaxud övladlarına ayırdığı vaxt sosial şəbəkələrə ayrılan vaxtdan daha az olur. Bu da münasibətlərdə uçuruma gətirib çıxarır: “Əslində, ailələrin bəzilərində boşanma səbəbi belədir: “qadın və ya kişi davamlı olaraq sosial şəbəkədə, messencerdə olduğuna və bir-biri ilə ünsiyyət saxlamadığına görə ailədaxili söz-söhbət yaranıb və tərəflər boşanmağa qərar verir”.

Sevinc

0