Azərbaycan minifutboldakı uğurunu niyə böyük futbola daşıya bilmir?

İDMAN
14:45 / 02.11.2023
1087

Azərbaycanın minifutbol komandası uğurlu çıxışı ilə xalqımızı sevindirir.

Avropa çempionu olan millimiz qələbələrini sıralamağa davam edir. Belə ki, Azərbaycan seçməsi dünya çempionatında da bütün qarşılaşmalardan qalib ayrılıb. Komandamız bu uğurlu perfomansın ardından adını 1/4 final mərhələsinə də yazdırmağa nail olub.

Bütün bunlar çox qürurvericidir. Lakin haqlı olaraq hər birimiz minifutbol komandamızı əsas futbol komandımız ilə müqayisə edirik. Bu zaman isə məyus olmamaq əldə deyil. Çünki Azərbaycan minifutbolda tarix yazır, çox böyük uğurlara imza atır, Avropada çempion olur. Lakin böyük futboldakı millimizdən bu performansı görmürük.

Axı nə üçün minifutbolda qazandığımız uğuru böyük futbolda qazana bilmirik?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, minifutbol yığmamızın uğuruna heç bir kölgə salmadan deməliyəm ki, bu idman növünü böyük futbolla müqayisə etmək olmaz:

337023

"Birincisi, minifutbol hələ bütün dünyada həvəskar səviyyədədir. Baxmayaraq ki, Avropa və dünya çempionatları keçirilir. Amma bu idman növü hələ yeni-yeni populyarlıq qazanır. Hələ azarkeş kütləsi yoxdur və hələ ki, böyük sponsorlar minifutbola maraq göstərmirlər. Lakin hiss olunur ki, bu idman növü də sürətlə populyarlaşacaq. 

Ona görə də yığmamızın indiki uğuru minifutbolun Azərbaycanda gələcək inkişafında böyük rol oynayacaq".

Ekspertin sözlərinə görə, minifutbolu böyük futbolla müqayisə etmək doğru deyil:

"Minifutbol yığmamızın heyətində kimlər çıxış edir? Əksəriyyəti böyük futboldan gələn uşaqlardır. Yəni onlar artıq hazır oyunçulardır. Minifutbolda futbolçu yetişdirməyə ehtiyac yoxdur. Yaş məhdudiyyəti olmadığı üçün böyük futbolda nəyəsə nail ola bilməyənlər və ya karyerasını erkən bitirənlər burada özlərini sübut etməyə çalışırlar. 

Amma böyük futbol tam fərqli bir dünyadır. Orada rəqabət çox güclüdür. Dünya standartları həddindən artıq yüksəkdir. Dünya standartları o deməkdir ki, həmin futbolçu “böyük beşlik”də oynaya bilər. Bizdə, təəssüf ki, belə futbolçu yoxdur. 

Minifutbolda o standartlara yüksəlmiş oyunçular iştirak etmirlər. Təsəvvür edin ki, Məhəmməd Salah, Avropada oynayan digər misirli futbolçular Azərbaycanın böyük hesabla məğlub etdiyi Misirin heyətində çıxış edirlər. Onda tam fərqli mənzərə olardı. Ona görə də, böyük futbolla minifutbolu müqayisə etmək bir qədər qüsurlu alınır".

Həmsöhbətimiz qeyd edib ki, bütün dünyada futbol inkişaf etdiyi halda Azərbaycanda bunu görmürük:

"Bunun da hər kəsə aydın olan bəlli səbəbləri var. Birincisi, infrastrukturun yoxluğudur. Hətta Azərbaycanın ikinci böyük şəhəri Gəncədə stadion yoxdur və biz "futbol niyə inkişaf etmir" sualını veririk. İkincisi də ki, Azərbaycanda futbolçu yetişdirmək üçün minimum şərait yoxdur. Biz uşaqlarımızı süni örtüklü meydanlarda şikəst edirik. İndi Avropada uşaq futbolunun standartları çox yüksəkdir. Biz isə Afrika standartlarından da qat-qat aşağıyıq. 

Afrikalı futbolçuları Avropanın istənilən komandasının heyətində görmək olar. Konkretləşdirsək, belə deməliyik: Azərbaycanda infrastruktur yoxdur, futbolçu yetişdirilmir və biz tələb edirik ki, ölkədə futbolun səviyyəsi Avropa standartlarına uyğun olsun. Bu, mümkün deyil, sadəcə özümüz özümüzü aldadırıq".

Pərviz

0