Hansı məktəblərdə şagird sıxlığı problemi var?

ÖLKƏ
15:12 / 02.11.2023
578

Hazırda təhsil sahəsində əsas problemlərdən biri siniflərdə şagird sıxlığıdır. Bu sıxlıq daha çox Bakı və Abşeron məktəblərində müşahidə olunur. Şagird sıxlığı təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir.

Sinifdə 40 və daha artıq şagirdin olması müəllimin dərsi uşaqlara çatdırmasını, hər bir uşağa fərdi yanaşmasını mümkünsüz edir. Bu da uşaqların bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Valideynləri də narahat edən məhz bu sıxlıqdır ki, onlar övladlarının normal təhsil ala bilmədiyindən şikayətlənirlər.

Qeyd edək ki, 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib.

Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. 

Burada qeyd olunur ki, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. 

Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir.

Siniflər üzrə şagird sıxlığı normalarının qəbul olunmasına baxmayaraq, təəssüf ki, bu gün bu sıra məktəblərdə şagird sıxlığı problemi hələ də müşahidə olunmaqdadır.

Təhsil eksperti Nadir İsrafilov Hit-az-a şərhində deyib ki, sıxlıq məsələsi ümumilikdə ölkə məktəbləri üçün deyil, əsasən paytaxtda fəaliyyət göstərən məktəblər üçün xarakterikdir:

"Bölgələrdə elə məktəblər var ki, sinifdə şagird sayı maksimum 20-dir. Ancaq bölgələrdən fərqli olaraq Bakı məktəblərində mənzərə tamamilə fərqlidir. Paytaxt və ətraf ərazilərdəki məktəblərə 20 şagirdlik bir sinif tapmaq mümkün deyil. Minimum 35 şagird təşkil edir. Bu problem əsasən məskunlaşma ilə bağlı yaranır. Məktəbə qəbul qaydalarında ərazi amili önə çəkilir. Ona görə də əhalinin sıx yaşadığı yerlərdə yerləşən məktəblərdə sıxlıq yaranır. Bəzi siniflərdə şagird sıxlığının əsl səbəbi müəllim nüfuzu ilə bağlıdır Hər məktəbdə bir-iki tanınan, yaxşı ad qazanan müəllim olur, valideynlər də çalışırlar uşaqlarını məhz, o müəllimin sinfinə qoysunlar. Bu məsələ həmişə belə olub. Adətən, valideyn uşağını ilk dəfə məktəbə yazdıranda, soraqlaşır, digər valideynlərlə söhbətləşir, məsləhətləşir, hansı müəllimin güclü olduğunu, yaxşı dərs keçdiyini, savadlı, bilikli olduğunu soruşur, öyrənir. Valideyn də tutaq ki, öz təcrübəsindən çıxış edərək, deyir, filan müəllim yaxşıdır, güclüdür. Valideyn də istəyir övladı məhz, o müəllimin sinfində oxusun. Beləcə hansısa müəllimə tələbat artır. Bir də yaxşı məktəb, pis məktəb anlayışı da var. Ad çıxarmış, güclü təhsili ilə seçilən məktəblərimiz var.j Valideynlər də təbii ki, övladlarının tədrisi güclü olan məktəblərdə təhsil almasını istəyir”.

Sevinc

0