Bildiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib. Yeni qurum Azərbaycan Kinematoqrafçılar Birliyi adlanacaq.
Azərbaycan kinematoqrafçılarının bir təşkilatda birləşməsinə sayılı günlər qalıb.
Artıq Xalq artisti Rasim Balayev birləşmiş Azərbaycan Kinematoqrafçılar Birliyinin sədrliyinə namizəd olub.
Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematorafçılar İttifaqının bununla bağlı iclası noyabrın 7-də olacaq.
Bunu News24.az-a açıqlamasında Respublika Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova deyib.
Onun sözlərinə görə, yekun iclaslardan sonra hər iki təşkilatın birgə qurultayı olacaq:
"Həm bizim, həm də Rasim Balayevin rəhbərlik etdiyi qurumun idarə heyətinin üzvləri iclas keçirməli idi. İdarə heyətinin üzvlərinin vaxt problemi səbəbindən bizim qurum bu həftə keçirə bilmədi. Rasim Balayevin rəhbərlik etdiyi qurum iclas keçirib və onun namizədliyini verib. Noyabrın 7-də bizim İdarə Heyətimiz də iclas keçirəcək. Bizim qurumun iclasından sonra isə hər iki təşkilatın İdarə Heyətlərinin birgə iclası olacaq. Bu iki iclas bitəndən sonra isə birləşmə qurultayı keçiriləcək".
Şəfiqə xanımdan sədrliyə namizdəliyini verib-verməyəcəyini sorusduqda isə bildirdi ki, bu barədə hələ qərar verməyib.
Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir. Bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.