Türkiyə-İsrail münasibətləri yenə soyuqlaşır

SİYASƏT
20:05 / 04.11.2023
934

Bu gün Türkiyənin İsraildəki səfiri Şakir Özkan geri çağırılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirib ki, buna səbəb İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi və mülki şəxslərə hücumlarını davam etdirməsidir. Türkiyənin Təl-Əvivdəki səfiri məsləhətləşmək üçün Ankaraya çağırılıb.

Bildiyiniz kimi, İsrail və Türkiyə arasındakı münasibətlər son illərdə bir qədər yumşalmışdı. Lakin oktyabrın 7-dən başlayan İsrail-Fələstin müharibəsi bu münasibətləri yenidən soyuqlaşdırıb. Hazırda müharibənin nəticəsi qədər bu iki ölkə arasındakı münasibətlərin necə olacağı da sual doğurur.

Politoloq Samir Hümbətov mövzu barədə Hit.az-a danışıb. O bildirib ki, münasibətlərin indiki dövrdə bir qədər soyuqlaşması gözləniləndir:

"İsrail və Fələstin arasındakı münasibətlər müəyyən zamanlarda gərginləşib, daha sonra yenidən axarına düşüb. Hazırkı situasiyada Türkiyənin sərgilədiyi mövqe münasibətlərə tamamilə xələl gətirməz. Nəzərə alaq ki, bu, İsrail və Fələstin arasındakı ilk qarşıdurma deyil. Müəyyən dövrlərdə bu cür qarşıdurmalar yaşanıb, Türkiyə də buna uyğun olaraq xarici siyasətində öz mövqeyini hər zaman sərgiləyib, adekvat addımları ilə seçilib. Daha sonra yenidən münasibətlər düzəldilib. İndi də eyni situasiya yaşanır. Bunu Yaxın Şərqdə qarşıdurmanın daha da böyüməməsi üçün atılan addımlar kimi də qiymətləndirmək olar. Hər halda müvəqqəti olaraq, müəyyən dəyişmələr gözləniləndir, amma dediyim kimi, daimi olaraq münasibətlərin bitməsi fikrimcə, gözlənilən deyil".

Aynur Əli

0