Evlənənlərin sayı azalıb, boşananların sayı daha da artıb

ÖLKƏ
19:51 / 27.05.2020
1086

Son illər Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalmağa başlayıb. Əksər ailələrə nəzər saldıqda 1, 2, maksimum 3 uşağının olduğunu müşahidə edirik. 4-5 uşaqlı ailələrə isə çox nadir hallarda rast gəlirik.

 2018-ci ildə rəsmi qeydə alınmış nikahda olan qadınlar tərəfindən 118 min 226 uşaq doğulub. Lakin ölkəmizdə rəsmi nikah olmadan dünyaya gələn körpələr də var, onların sayı 20 min 716-dır. Ümumilikdə həmin ildə 138 min 982 diri körpə doğulub. 2005-2015-ci illərin statistik rəqəmlərinə nəzər saldıqda bu gün uşaqların sayında həmin onilliklə müqayisədə minlərlə azalmanın olduğunu açıq şəkildə görə bilərik.

Lakin maraqlı bir məqam var. Belə ki, 2005-ci ildən 2012-ci ilədək körpələrin sayında artma trendi kəskin şəkildə müşahidə edilib. 2012-2017-ci illərdə isə hər il doğulanlar 2018-ci illə müqayisədə çox olsa da, özündən əvvəlki illə müqayisədə az olub. Belə olan halda 4-5 uşaqlı ailələr də təbii olaraq daha da azalıb. Məsələn, 2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi dünyaya göz açıb. 2015-ci ildə say azalaraq 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə düşüb. Bildirək ki, bu dövr ərzində ən çox doğuş 20-24 və 25-29 yaş qrupu aralığındakı qadınlarda müşahidə edilib.

Mütəxəssislər kəskin azalmaya səbəb olaraq boşanmaların sayının artmasını göstərirlər. Əslində, haqsız da sayılmazlar. Belə ki, 2018-ci ildə ölkəmizdə 62 min 484 nikah qeydə alınıb. Təəssüf ki, elə həmin ildə 14 min 857 ailə müxtəlif səbəblərdən dağılıb. Heç təsadüfi deyil ki, ən çox boşanma 25-29 və 30-34 aralığındakı yaş qrupuna daxil olan insanlar arasında baş verib. Çünki ölkəmizdə gənc ailələrin dağılması daha çox müşahidə olunur. Ötən ilin yanvar-noyabr ayları ərzində isə qeydiyyat şöbələri tərəfindən 58 317 nikah və 15 635 boşanma halı qeydə alınıb. Yəni evlənənlərin sayı azalıb, boşanmaların sayı isə daha da artıb.

 

0
Yenisabah.az