Nurlan Ordubadlı vətənpərvər mahnılarından danışdı: "3 ildir..." - MÜSAHİBƏ 

MƏDƏNİYYƏT
17:20 / 13.11.2023
1275

"Mən haqq nədirsə, onu yazdım və Yaşa Azərbaycan dedim".

Bu sözləri məşhur müğənni Nurlan Ordubadlı HİT.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Nurlan Əliyev kimdir? Özünüzü necə ifadə edə bilərsiniz?

- Mən Nurlan Əliyev Əli oğlu 20 mart 1986-cı ildə Ordubad rayonu Vənənd kəndində dünyaya gəlmişəm. Ali təhsilim ortadır. Hərbi xidmətimi Naxçıvanın Sədərək rayonunda 2004-2005-ci illərdə etmişəm. Vətən, torpaq, bayraqdır nə deməkdir yaxşı bilirəm. 

Bildiyim yolda özüm kimi davam etdim. Allah hər zaman yanımda oldu və mənə hər şeyi verdi. 8 ildir ki, gecə yuxusu nədir bilmirəm. Çünki studiyalarda yatıb-dururam. Allahın verdiyi istedadla vətənpərvər mahnılar yazıram. Atamı itirdiyim gündən evin yükü üstümdə qaldı. Hərbi xidməti bitirəndən 10 gün sonra Moskvaya getdim və 18 il orada qaldım. Qürbət eldə işlədim, ailəmi dolandırdım. Heç kimə möhtac olmadan sənətimi də yaşatdım. Necə əziyyətlərə böyüdüyümü məni tanıyan insanlar yaxşı bilir.

Onu da qeyd edim ki, uşaqlıq illərimdən Ulu Öndərimiz Heydər Əliyevi sevərək böyümüşəm. Hətta mən uşaq olanda Ulu Öndər Qarabağdan danışanda ağlayırdım. Ümumiyyətlə, Heydər Əliyev çox dahi və sözünü yerində deyən insan idi. O, yaşadığı dövrdə xalqına vətən övladı kimi xidmət etdi. Bir daha ruhu şad olsun. 

- Ən böyük xəyallarınız nələrdir?

- Zəngəzur yolunun açılması böyük arzularımdan biridir. Həmçinin, bir gün cənab Ali Baş Komandan İlham Əliyev ilə görüşməyi arzulayıram. Bu günə qədər hər şeyi Allahdan istəmişəm. İnanıram ki, bu arzularım da həyata keçəcək. 

Prezidentimiz xalqımız üçün hər an, hər saniyə çalışır. Allah onun ömrünə ömür qatsın. İlham Əliyevin xalqımız, dövlətimiz üçün necə çalışdığını hər birimiz görürük. Allah Ali Baş Komandanımızı başımızın üstündən əskik etməsin. O, Ulu Öndər Heydər Əliyevə verdiyi sözü tutaraq, Qarabağı işğaldan azad etdi. İlham Əliyevi də Ulu Öndəri sevdiyimiz qədər çox sevirəm.

- Sizin milli ruhdakı mahnılarınız olduqca sevilir. Hətta sözügedən mahnılar digər mahnılarınızdan daha çox dinlənilir. Ümumiyyətlə, bu üslubda yazmağa necə qərar verdiniz?

- Artıq 3 ildir vətənpərvər mahnılar yazıram. İlk milli ruhdakı mahnım "Azərbaycan-Türkiyə" olub. Hər şey onunla başlayıb. Vətən müharibəsinin üçüncü günü "Qarabağdan" mahnısı, 34-cü günü isə "Yaşa Azərbaycan" mahnısını yazmışam. Müharibədən sonra "Can Azərbaycan" və "Şuşa Azərbaycandır" mahnılarını yazmışam. 8 noyabrda isə "Zəfərindir Azərbaycan" mahnısını yazmışam.  Bundan başqa, "Turan" adlı mahnım da var. Son olaraq isə ötən həftə "Yaşasın Azərbaycan" mahnısını təqdim etdim.

 - Xüsusilə "Yaşa Azərbaycan" mahnınız çox sevilir. Həmin mahnı necə ərsəyə gəlib?

- Mən haqq nədirsə, onu yazdım və Yaşa Azərbaycan dedim. Bu mahnı vətənə və torpağa sevgimin nəticəsində ərsəyə gəlib. Hər kəs "Yaşa Azərbaycan" mahnısının nə qədər dinlənilə biləcəyini düşünürdü. Lakin bu gün də mahnımız çox sevilir. Hər yazılan rəyi oxuyuram. İnsanlar təşəkkürlərini yazırlar, dua edirlər. Həmin rəyləri oxuduqca, vətənimi, xalqımı daha da sevirəm. Bu, mənim üçün ən böyük uğur və çəkdiyim əziyyətlərin bəhrəsidir. İnşallah hər şey daha da gözəl olacaq.

Xalq məni sevdi, bu sevgi bir ömür boyu bəsimdir. Amma məni gözdən salmaq istəyənlər də oldu. Çünki hər yerdə "Yaşa Azərbaycan" mahnısı səslənir. Üstəlik, mən "Yaşa Azərbaycan" mahnısını qorumaq üçün nələr keçdiyimi bir Allah bilir. Nəticədə, mahnımız bu gün də dinlənilir və dillər əzbəri olub. Hətta minifutbol üzrə millikomandamız da çempionluğu "Yaşa Azərbaycan" mahnısı ilə qeyd etdi.

Allah istəməsə, insan bir addım belə ata bilməz. Mən qürbət elə də gedib, işlədim və orada da mahnılarım sevildi. Mən ümumiyyətlə səsimi və sənətimi çox sevdiyim üçün özümlə məşğul olmuşam. İndi də öz getdiyim yol ilə zövq alıram.

- Xanım həmkarlarınızla duet oxumağı düşünmürsünüz?

- Duet oxumaq istəmirəm. Əslində, bununla bağlı təkliflər çoxdur. Amma heç kimlə duet oxumaq istəmirəm. Çünki buna ehtiyac da yoxdur. Hələlik duet oxumaq barədə düşünmürəm.

Pərviz Şimşək

0