Əkrəm Həsənov: \"Azərbaycan bankları, təəssüf ki, istehlak kreditləri verməyə daha çox meyl edir, nəinki...\"

19:45 / 13.11.2023
442

2023-ci ilin ikinci rübündə istehlak və ipoteka kreditlərinə tələbat yüksəlib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin ikinci rübündə Azərbaycan banklarında istehlak kreditlərinə tələb 29 faiz artıb. Həmçinin, avto kreditlərə olan tələb 4 faiz, kartlarla kreditə olan tələb 8 faiz, əməkhaqqı ilə kreditlərə tələb 8 faiz, məişət kreditlərinə tələb isə 10 faiz artıb. Tələbin artımının əsas drayverləri istehlakçı əminliyi, faiz dərəcəsi dəyişiklikləri, daşınmaz əmlak bazarı gözləntiləri və rəqəmsallaşma olub.

AMB-nin yaydığı məlumatda bildirilib ki, istehlak kreditlərinin tərkib hissəsi olan avto kreditlərə olan tələbin 6 faiz, kartlarla kreditə olan tələbin 17 faiz, əməkhaqqı ilə kreditlərə olan tələbin 10 faiz, məişət kreditlərinə tələbin isə 8 faiz artacağı proqnozlaşdırılır.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında deyib ki, hələ risk olmasa da, xüsusilə istehlak kreditlərinin bu templə yenidən artması təhlükə ola bilər: "Azərbaycan bankları, təəssüf ki, istehlak kreditləri verməyə daha çox meyl edir, nəinki biznes kreditləri. Bu da başadüşüləndir. Çünki Azərbaycanda uğurlu və dayanıqlı biznes elə də çox deyil. Ona görə də biznes kreditləri verməkdən çəkinirlər. Lakin bu rəqəmlər artan templə davam etsə, gələcəkdə problemli kreditlərə çevrilə bilər. Çünki hazırda inflyasiya davam edir. Vətəndaş krediti sabah qaytarmaya da bilər. Hazırda ipoteka kreditləri ilə bağlı vəziyyət ürəkaçan deyil.Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə bizdə ipoteka kreditləri çox azdır. Bunun da səbəbi Azərbaycanda daşınmaz əmlakla bağlı qanunsuz tikililərin çoxluğudur. Çıxarışları olmayan evlər ipoteka dövriyyəsində iştirak edə bilmir. Bu səbəbdən rəqəmlər artsa da, ürəkaçan deyil. Qeydiyyatda olmadıqda bazarda dövr etmir, girov qoyulmur. Amma indiki vəziyyət nə bank sektoru üçün, nə də vətəndaşlar üçün təhlükəlidir".

Sevinc

0