Hakimiyyət karantin dövründə "köhnə qvardiyadan" canını qurtarır

SİYASƏT
15:49 / 11.05.2020
1603

Azərbaycanda hakimiyyətin "köhnə qvardiyadan "təmizlənməsi davam edir. Keçən ilin payızında başlayan orta səviyyəli məmurların həbsi və vəzifədən çıxarılması, 2020-ci ilin pandemiyası və sərt karantin şəraitində də dayandırılmayıb.

İşlərini itirmiş vəzifəli şəxslərin və məmurların adları və vəzifələri bölgə hakimiyyəti ilə məhdudlaşmayan geniş kampaniya haqqında danışmağa əsas verir.

Hətta 20 il işləyən Baş prokuror da vəzifəsini itirdi.

Vəzifəsindən azad edilənlərin siyahısında sonuncu Mədəniyyət nazirinin müavini Rafiq Bayramovdur onun vəzifədən azad olunması haqqında prezident mayın 9-da sərəncam imzalayıb.

Eyni gündə imzalanan daha bir sərəncamla Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov vəzifədən kənarlaşdırılıb.

Bu qərar Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində "əməliyyat-istintaq tədbirləri"ndən bir gün sonra elan olunub. Yerli medianın yazdığına görə, Zakir Sultanov dövlət büdcəsindən ayrılan müxtəlif layihələrdən 351 min manat dövlət əmlakını mənimsəməkdə ittiham olunub.

DTX-ın məlumatına görə, nazirliyin adları çəkilməyən rəsmiləri "dövlətin qanunla qorunan mənafelərinə" zərər vuran əməllərdə ittiham olunur.

Ötən həftə Baş prokurorluq eyni zamanda 6 rayonda - Lənkəran, Yevlax, Saatlı, Salyan, Daşkəsən və Hacıqabul rayonlarında icra hakimiyyətinin bir neçə məmurunun həbs olunduğunu bildirdi.

Məmurları işdən niyə azad edirlər?

Rəsmilər, ehtiyacı olan ailələrə göndərilmiş humanitar yardımı mənimsəyib öz yaxın qohumlarına verməkdə, habelə karantin dövründə sərbəst hərəkət üçün icazələrin verilməsində ittiham olunurlar.

Sonuncu ittihamlar orta səviyyəli məmurlara aiddir. Karantin başlayandan bəri beş rayon icra hakimiyyətinin başçıları öz vəzifələrindən məhrum olublar.

Həbslərin bir hissəsi yerli KİV-lərdə geniş işıqlandırılıb, bəziləri isə aşkaranə olmayıb.

Aprel ayında Baş prokurorluq və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti birlikdə İsmayıllı şəhərinin rəhbərinin həbs olunduğunu elan etdilər.

İlham Əliyev niyə belə edir və ya Azərbaycan islahatları nə qədər uzağa gedəcək? Ramil Usubovun dəyişdirilməsi - daha sərt güc ehtiyacı, yoxsa daxili gərginlik?

Aprelin 29-da Azərbaycan agentlikləri yerli sakinlərə istinadən, Biləsuvar bölgəsinin rəhbəri Mahir Quliyevin, onun müavini və mərkəzi xəstəxananın baş həkimi və bir sıra digər rəsmi şəxslərin saxlanılması barədə məlumat verdilər.

Yerli jurnalistlərə əsasən, həbsin səbəbi karantin şəraitində dövlətin əhaliyə ayırdığı maddi yardımın vəzifəli şəxslər tərəfindən mənimsənilməsidir.

Əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. Bu idarə baş verənləri şərh etməyib.

Səhiyyə Nazirliyində Biləsuvar Xəstəxanasının baş həkiminin saxlanılması barədə heç nə bilmirdilər.

Baş prokurorun vəzifədən getməsi

Azərbaycan hökuməti, xüsusən də qərar qəbuletmə mexanizmi ilə əlaqəli məsələlərlə gəlincə ənənəvi olaraq ətraflı şərh söyləməyə meylli deyil.

Sonradan, prezidentin saytında rayon rəhbərinin vəzifəsindən çıxarılması haqqında məlumat yerləşdirildi. Həbs barədə qeyd olunmurdu.

Biləsuvar rayonunda rəsmilərin həbsləri aparıldığı gün, prezident İlham Əliyev parlamentə, təxminən 20 ildir ki, bu vəzifəni tutan ölkənin baş prokuroru Zakir Qaralovun vəzifəsindən azad olunması barədə təklifini təqdim etdi.

Bir neçə gündən sonra Zakir Qaralovun yerinə onun müavini işləyən Kamran Əliyev təyin edildi.

İslahatlar?

Ölkədəki bürokratik sıraların təmizlənməsi 2019-cu ilin payızında başladı. O vaxt zərbə altında siyasi karyeralarına hələ sovet dönəmində başlayan Prezident Administrasiyasının "ağsaqqalları" da qaldılar.

Onlardan biri də Prezident Administrasiyasının keçmiş rəhbəri, hazırkı prezident İlham Əliyevin atası Heydər Əliyevin köhnə müttəfiqi Ramiz Mehdiyevdir.

Bir çoxları Mehdiyevi "boz kardinal" hesab edirdi, hazırda 82 yaşlı rəsmi, Elmlər Akademiyasına rəhbərlik edir.

Ötən ilin sonunda rayon rəhbərlərini işdən çıxarmağa və ya həbs etməyə başladılar. Bütün bu müddət ərzində yerli mətbuat kadr dəyişiklərini islahatlar adlandırırdı.

Politoloq Hikmət Hacızadənin fikrincə, baş verənləri islahat adlandırmaq çətindir. Onun sözlərinə görə, bu daha çox hakimiyyət şaquli gücləndirmək və optimallaşdırmağa bənzəyir.

"Bəlkə yeni nazirlər itaətkar vintlər kimi olacaq, amma köhnələr də yuxarıdan gələn tapşırıqları yerinə yetirirdilər, yəni dəyişiklik yenilər olmadan da ola bilərdi, çünki əmrlər prezident administrasiyasından gəlir, - Hikmət Hacızadə deyir, - Baş prokuroru çıxarmağın nə mənası var idi ki, Qaralov, istədiyinizi edirdi axı, kimi lazımdı - tuturdu".

YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov isə BBC News Azərbaycancaya Qaralovun Baş prokuror kimi "yaxşı işlədiyini", islahatlar aparıldığı üçün yerini "daha enerjili, daha gənc" kadra verməli olduğunu deyib.

20 il Baş prokuror: Zakir Qaralov necə xatırlanacaq?

Azərbaycan iqtisadiyyatı kritik dərəcədə neft ixracından asılıdır. İqtisadçı Natiq Cəfərli hesab edir ki, məmurlar arasında təmizlənmə koronavirus və neftin qiymətinin düşməsi ilə bağlı böyük itkilərlə əlaqəlidir.

Bu səbəbdən əhalinin həyat səviyyəsi də aşağı düşür, üstəlik koronavirusun yayılması ilə mübarizə üçün tətbiq olunan karantinə görə vəziyyət daha da ağırlaşır.

"Əhalinin narazılığı və sosial problemlər gərginliyi artırır, karantin vaxtı əhalinin rifah səviyyəsi aşağı düşür, kiçik və orta sahibkarlıq əziyyət çəkir deyə, bu yerdə insanlara korrupsiyaya qarşı mübarizə aparıldığını göstərmək lazımdır",- deyən Natiq Cəfərli qeyd edir ki, ayrı-ayrı rəsmilərin əvəzlənməsi çətin ki, struktur islahatlar tərifinə uyğun gəlsin."

Məhz indi Azərbaycanın islahatlara ehtiyacı var.

Prezidentin mətbuat katibi Azər Qasımov BBC-yə deyib ki, işdən azad olunma və islahatlar barədə danışmaq səlahiyyəti yoxdur.

0
Bbc.com/azeri