"Hər il 2 min uşağa şəkərli diabet diaqnozu qoyulur. Son məlumatlara görə, ölkəmizdə təxminən 20 min uşaq şəkərli diabet diaqnozu ilə müşahidə edilir".
Bu fikirləri Türkiyənin uşaq sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssisi Büşra Süzen Celbek səsləndirib.
"Son məlumatlara görə, ölkəmizdə təxminən 20 min uşaq şəkərli diabet diaqnozu ilə izlənilir. Təbii ki, bu nisbət illər keçdikcə artır. "2-ci tip" şəkər xəstəliyinə tutulma hallarında artım müşahidə edə bilərik. Xüsusilə piylənmənin artması ilə",-deyə Büşra Süzen Celbe vurğulayıb.
Uşaqlar arasında şəkərli diabetin nə səbəbdən artması barədə pediatr-endokrinoloq Mahir Əsədov Hit.az-a açıqlamasında qeyd edib ki, ətraf mühit, qidalanma faktorunun da müştərək təsiri nəticəsində uşaqlarda diabet xəstəliyi əmələ gəlir. Şəkərli diabet əsas etibarilə irsi keçir: “Məsələn, atada əgər bu xəstəlik varsa, uşağa da ötürülür. Şəkərli diabet xəstəsi olan ailələrdə doğulan uşaqlarda bu xəstəliyə tutulma riski yüksəkdir. Diaqnoz isə analizlərə əsasən qoyulur. Həmçinin xəstəliyə aid olan bəzi klinik əlamətlər müşahidə edilir. Bu əlamətlərə arıqlama, halsızlıq, gecələr tez-tez sidiyə qalxmalar və s. aiddir. Bir də ən əsas diaqnoz vasitəsi qanda qlükozanı təyin etməklə aparılır. Əgər səhər ac qarına venoz qandan götürülən analizə görə qlükoza 126 milli qram destilitrdən çox olarsa, xəstəyə şəkərli diabet diaqnozu qoymaq olar. Təbii ki, bu yoxlanış iki dəfə edilir. Hər ikisində analizin cavabı eyni olduğu zaman dəqiq diaqnoz qoyulur”.
Həkim şəkərli diabetin təsnifat olaraq , ümumilikdə 4 yerə bölündüyünü deyib: "İnsulindən asılı şəkərli diabet birinci qrupa, insulindən asılı olmayan və böyüklərdə rast gəlinən 2-ci, xroniki xəstəliklərdən yaranan 3-cü, hamiləlik dövründə yaranan diabet isə 4-cü qrupa aid edilir. Uşaqlarda insulindən asılı şəkərli diabet aşkar edilərsə, bunun müalicəsi yalnız insulinlədir. Ola bilər ki, uşaqlarda şəkərli diabetin sadaladığım digər qruplarına rast gəlinsin. Bu zaman böyüklərdə aparılan üsulla, yəni həblərlə müalicə edilir. İnsulinin vurulma üsulundan asılı olaraq , qidalanmaya diqqət etmək lazımdır. Biri var insulini şprislə vurmaq, biri də var insulin pompalarından və qələmlərindən istifadə etmək. Əgər xəstə insulin pompasından istifadə edirsə, bu zaman həmin xəstə istədiyini yeyə bilər. Amma şprisdən istifadə olunursa, qidaya diqqət etməlidirlər. Onlara şirniyyat və un məmulatlarından hazırlanmış yeməklərdən uzaq olmaq məsləhət görülür. Əslində qidalanma xəstənin maddi vəziyyətindən, yaşadığı mühitdən və ətrafdan asılıdır”.
Sevinc