Ermənistan yeni müharibəyə hazırlaşır? - "Paşinyanın məqsədi..."

SİYASƏT
11:22 / 17.11.2023
571

"Hindistan və Fransa faktiki olaraq regionda gərginliyi artırırlar. Bunu da daha çox Ermənistanı silahlandıraraq edirlər".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib.

O qeyd edib ki, Fransa və Hindistan Ermənistanı müharibəyə hazırlaşdırır:

"Təbii ki, hər bir ölkənin istənilən ölkədən silah almaq hüququ var. Amma Ermənistanın Azərbaycanla müharibə vəziyyətinin davam etdiyi və sülh istiqamətində addımların atılmasına dair pozitiv mesajların verildiyi bir zamanda silahlanması diqqət çəkir. Üstəlik, rəsmi İrəvan sülh naminə silahlandığını iddia edir.

Xüsusilə də həmin silahların Fransa və Hindistan kimi anti-Azərbaycan mövqeyində olan ölkələrdən alınması onu deməyə əsas verir ki, Ermənistan bu dövlətlərin də təsiri ilə yeni bir müharibəyə hazırlaşır".

338004

Lakin politoloq vurğulayıb ki, hazırkı mərhələdə Ermənistanın müharibə aparacaq gücü yoxdur:

"Görünən odur ki, İrəvan hakimiyyəti bir növ müdafiə xatakterli müharibə istəyir. Yəni Ermənistan Azərbaycanı təhrik edərək öz ərazisinə salmağa və  beynəlxalq ictimaiyyəti ölkəmizin əleyhinə qaldırmağı hədəfləyir.

Həmçinin, Fransanın məsələyə yanaşması Rusiyanın Ermənistandakı nüfuzunun azalmağa doğru getdiyi bir zamanda olması da diqqət çəkir. Yəni rəsmi Paris Rusiyanın Ermənistandakı mövqeyini ələ keçirmək istəyir. Üstəlik, bunu həm də Avropa İttifaqı çərçivəsində edir. 

Hindistan isə Pakistan faktına görə Azərbaycana qarşı mövqeyi bir qədər qeyri-müəyyəndir. Nəticə etibarilə, bunu ümumi mənada regionda yeni müharibəyə hazırlıq kimi qiymətləndirə bilərik. Düzdür, əminliklə müharibə olacaq deyə bilmərik, amma faktiki olaraq Ermənistan bu istiqamətdə hazırlıq prosesi aparır".

Pərviz

0