Prezident Böyük Britaniyanın dövlət nazirini qəbul etdi - YENİLƏNİB

SİYASƏT
12:35 / 22.11.2023
388

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.

HİT.az xəbər verir ki, dövlətimizin başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Azərbaycanın gözəl bir ölkə olduğunu qeyd edən Leo Dokerti səfərindən məmnunluğunu ifadə etdi, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğuladı.

Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını dedi, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirdi.

Leo Dokerti vurğuladı ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı.

Prezident İlham Əliyev iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd etdi.

Dövlətimizin başçısı ölkəmizə qoyulan investisiyaların bizə göstərilən inamı nümayiş etdirdiyini məmnunluqla vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlətimizin başçısı hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu dedi və bunun region üçün çox gözəl nümunə olduğunu bildirdi.

Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Azərbaycan Prezidenti bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətinə toxundu.

Dövlətimizin başçısı vurğuladı ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa etdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğuladı.

Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə etdi.

11.46
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul edib.
 
HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 

0