Türkiyədə gələn il keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqlar davam edir.
31 martda keçiriləcək seçkilərə hakim Ədalət və İnkişaf Partiyası (AKP) çox iddialı şəkildə hazırlaşır. Hətta AKP bələdiyyə seçkilərini üçün əsas hədəflərini də müəyyən edib. Partiyanın sədri, prezident Rəcəb Tayyib Ərdoğan İstanbul, Ankara və İzmirdə qələbə qazanmağı hədəf seçib. Artıq bir neçə dəfə AKP rəsmilərindən bununla bağlı bəyanatlar eşitmişik.
Xüsusilə "Cümhur İttifaqı" ilə birlikdə cari ilin may ayında keçirilən parlament və prezident seçkilərində qələbə qazanmaq AKP-nin mövcud reytinqini daha da artırıb. Bu səbəbdən yeni hədəf olaraq bələdiyyə seçkiləri müəyyən edilib. Hakim partiya 2019-cu ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) qapdırdığı Ankara və İstanbulu geri almaq üçün olduqca iddialıdır.
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun reytinqinin azaldığını nəzərə alarsaq, sözügedən hədəfin kifayət qədər real olduğunu görərik. Üstəlik, İYİ Partiyanın da seçkilərə təkbaşına qatılması İmamoğluna olan dəstəyi daha da azaldacaq. Onu da xatırlatmaq yerinə düşər ki, 2019-cu il bələdiyyə seçkiləri zamanı Əkrəm İmamoğlunun İstanbul Böyük Şəhər Bələdiyyəsinin, Mansur Yavaşın isə Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri seçilməsində Meral Akşenerin partiyasının da müstəsna rol oynamışdı.
İndi isə bu dəstəyin olmaması Yavaş və İmamoğlunun seçkilərdə yenidən qələbə qazanmaq şanslarına da müəyyən qədər təsir edəcək. Xüsusilə, İstanbulda bu təsirin daha qüvvətli olacağı proqnozlaşdırılır.
Bütün bunların fonunda AKP-nin Əkrəm İmamoğluna qarşı güclü bir namizəd çıxaracağı təqdirdə, qələbə qazanmaq ehtimalları yüksək qiymətləndirilir. Siyasi kulislərdə hakim partiyanın İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri vəzifəsi üçün sabiq daxili işlər naziri Süleyman Soylu və ya səhiyyə naziri Fahrettin Koca kimi nüfuzlu şəxslərin namizəd göstərəcəyi deyilir. Həmçinin, Səlçuk Bayraktar və ya başqa sürpriz isimlərin də gündəmə gəlmə ehtimalının olduğu önə sürülür.
Analitiklər də AKP-nin İstanbulda qələbə qazanmaq şanslarını kifayət qədər yüksək qiymətləndirirlər. Konkret proqnozlar səsləndirmək və ya fikirlər bildirmək üçün isə namizədlərin açıqlanmasını gözləmək lazımdır...
Pərviz