100 manata uşaq qidası?

ÖLKƏ
17:50 / 23.11.2023
660

Ana südünün faydaları ilə bağlı çox yazılıb, çox deyilib. 

Hər halda heç bir süni qidanın ana südünü əvəz edə bilmədiyi hər kəsə məlumdur. Ancaq ortada bir reallıq var ki, ana südü olmayanda körpəyə süni qida vermək qaçılmaz olur. 

Lakin uşaq qidalarının bahalığı imkansız və orta təbəqədən olan ailələri sözün həqiqi mənasında maddi baxımdan sıxıntıya, çətin duruma salır.

Uşaq qidalarının satışını təşkil edən şirkətlər də sanki valideynlərin başqa çıxış yolu olmadığını və almaq məcburiyyətində qaldıqlarını bildikləri üçün qiyməti kifayət qədər bahalaşdırırlar.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, son aylar uşaq qidalarının qiyməti daha da artıb.

Məsələn, “Smilac Gold” uşaq qidasının qiyməti 35-36 manat arasında dəyişirdisə, indi həmin qidaların qiyməti 43-45 manatdır. 

Hazırda ən çox tələbat olan "Nutrilon" süni uşaq qidalarının qiyməti də  42-45 manata arasında dəyişir.

Hətta keçi südündən hazırlandığı deyilən qidalar var ki, onların qiyməti indi 100 manatı belə keçib.

"Kabrita" süni uşaq qidasının qiyməti 83 manatdan 111 manatadək artıb.

Valideynlər isə, qiymətlər artsa da, uşaq qidalarını məcbur qalıb alıdıqlarını bildirirlər. 

Çoxuşaqlı ailələrdə isə vəziyyət daha da çətinləşir.

Həkim-ekspert Pərvanə Mustafayeva Hit.az-a  açıqlamasında qeyd edib ki, süni uşaq qidalarının günü-gündən bahalaşmasının bir səbəbi də onlara olan tələbatdır. 

Bəzi süni uşaq qidaları şirkətləri keçi südü adı altında bahalı qidalar təklif edir. Halbuki, keçi südünün ana südü ilə elə də yaxınlığı yoxdur:

“Əhali bilməlidir ki, mümkün qədər körpə qidalarından uzaq durmaq lazımdır. Ana südü ilə qidalandırma faizi aşağı olduğu üçün süni qida ölkədə çox sürətlə irəliləyib. Azad bazar iqtisadiyyatından istifadə olunur, pediatrların qida distribütorları ilə sıx əlaqələri yaradılıb və körpə qidaları ölkədə geniş vüsət alır. Onu da deyim ki, qida məhsullarının saxlanma şəraiti ilə bağlı problem var. Uşaq qidaları market rəflərində açıq satılır. Halbuku, uşaq qidası xüsusi qaydada, müəyyən edilmiş hərarətdə saxlanılmalıdır. Ancaq marketlərdə harda gəldi rəfə qoyulur, sonda da hər cür xoşagəlməz hal yaşanır. Bu məsələyə nəzarət olunmalıdır”.

Sevinc

0