Uşaq dərs oxumursa, necə davranmalı? - Psixoloq

ÖLKƏ
18:56 / 24.11.2023
659

Valideynləri ən çox narahat edən məsələlərdən biri övladl arının dərs oxumağa həvəs göstərməməsidir. Valideynlər nə qədər dil töksələr də uşaqların dərs oxumağa meyili olmur.

Bəs problemin həll yolu nədir?

Uşaq psixoloqu Aynur Hüseynova Hit.az -a açıqlamasında qeyd edib ki, çox vaxt məktəblilər dərsdən sonra evə qayıdanda ev tapşırıqlarını etmək istəmirlər. Onlar müxtəlif bəhanələr gətirərək bundan yayınmağa çalışırlar. Ev tapşırıqlarını etməmək üçün ya yorulduqlarını, ya da xəstə olduqlarını bəhanə gətirirlər. Valideyn bu bəhanələrə inanmayanda isə həyətdə oynamaq, televizora baxmaq və ya kompüter oynamaq istədiklərini, yalnız bundan sonra dərslərini oxuyacaqlarını bildirirlər. 

"Bəzi hallarda isə valideynlər uşaqla heç cür bacara bilmədikləri üçün onun istədiklərini bir-bir yerinə yetirirlər. Uşaqsa dərslərini etmək istəmir. Nəticədə onun istəklərini yerinə yetirən valideyn yorulur, əsəbiləşir və uşağı danlamağa başlayır. Uşaqsa ağlayır, qışqırır, amma yenə də dərslərini etmək istəmir. Sonra isə yatmaq vaxtı yaxınlaşır. Valideyn də uşaqdan əl çəkməyə məcbur qalır. Bəzi hallarda bu cür davranan uşaqları ev tapşırıqlarını yerinə yetirməyə məcbur etməyə müvəffəq olsalar da, uşaq istəmədən, çox həvəssiz dərslərini edir. Bu isə onun dərsi pis qavramasına, həmyaşıdlarından intellektual inkişafda geri qalmasına gətirib çıxarır". 

Həmsöhbətimizin dediyinə görə, valideynlərin çoxu uşaqların ev tapşırıqlarını etmək istəməməsindən şikayət edir. Onların şikayətlərinə görə, uşaqlar tənbəl və tərsdirlər, heç cür dərslərini etmək istəmir, dərslərini oxumaq istəyəndə isə diqqəti cəmləməkdə çətinlik çəkirlər: 

"Uşaqlar dərslərini oxumaq vaxtı gələndə ağlamağa başlayır, hətta müəllimin heç nə tapşırmadığını yalandan deyirlər. Onlar yazı stolu arxasında sakit otura bilmir, fikirləri yayınır. Çox vaxt uşağın bu tip davranışı ilə üzləşən valideynlər özlərini itirirlər. Uşağa təsir etmək, özlərinə tabe etmək üçün qışqırır, döyür, sonra isə özlərini günahkar hiss edirlər. Bəzi valideynlər isə çarəsizlikdən övladlarının yerinə dərsləri özləri yazırlar. Bununla da uşağa bu tip davranışlarını davam etməyə şərait yaradırlar. Uşağın yaxşı təhsil alması onun gələcəyi üçün önəmlidir. Bu səbəbdən də məsuliyyətli valideynlər narahatlıq keçirirlər. Digər tərəfdənsə həssas və emosional yanaşma vəziyyəti obyektiv qiymətləndirməyə imkan vermir. Xüsusilə də uşaq hər gün bu cür davranarkən valideyn ruhdan düşür. İstər-istəməz öz uşaqlıq illərini, dərsdən yayınmaq cəhdlərini, uğursuzluqlarını xatırlayır. Əgər valideyn həyatda istədiyinə nail olmayıbsa, onun narahatlığı daha da artır. O, uşağının gələcəyinə görə qorxuya düşür. Valideynlərin bir qismi isə dərsləri və tədris üsullarını öz məktəb illəri ilə müqayisə edir, hər şeyin dəyişdiyini görürlər. Bu da onlarda çaşqınlıq yaradır. Bəzi valideynlər isə uşağın ev tapşırıqlarını özləri anlamaqda çətinlik çəkir və uşağın bunun 6öhdəsindən necə gələcəyindən narahat olurlar. Valideynin narahatlığını uşaq hiss edəndə isə dərs etməyin çox pis olduğunu düşünür".

Sevinc

0