Yuyucu vasitələri niyə bahalaşır? - ŞƏRH

İQTİSADİYYAT
21:43 / 24.11.2023
645

Marketlərdə ərzaq məhsulları ilə yanaşı qeyri-qida məhsullarının da qiyməti artıb. 

Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələrin, sabun və diş pastalarının, gigiyenik pedlər, qabyuyan mayelərin, antipersperant vasitələrin qiymətində artım var. 

Bəzi məhsulların, xüsusən də qabyuyan maye və sabunların qiyməti ikiqat artıb.

Nəzərə almaq lazımdır ki, şəxsi gigiyena vasitələri, yuyucu vasitələr gündəlik tələbat malları sırasında ən əsas yerlərdən birini tutur.

Çox təəssüflər olsun ki, bahalaşma bu məhsullardan da yan keçməyib. Bu məhsulların bahalaşması isə ailə büdcəsinə çox böyük zərər vurur.

İqtisadçı ekspert Natiq Cəfərli Hit.az-a şərhində bildirib  ki, Azərbaycana qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələri əsasən xaricdən gətirilir. Bu sahədə Azərbaycanın daxili istehsalı, demək olar ki, yox səviyyəsindədir: 

“Ona görə də xaricdə qiymət artımının sürətlənməsi idxal inflyasiyasının yüksəlməsinə səbəb olur. Xarici bazarda qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələrinin qiyməyi kəskin şəkildə artıb. Ölkəyə bu məhsullar baha qiymətə gətirildiyi üçün marketlərdə də baha satılır”.

N.Cəfərlinin sözlərinə görə, vəziyyətdən iki çıxış yolu var. Bunlardan birincisi və başlıcası, yerli istehsalı artırmaqdır:

“Lakin bu, hazırki vəziyyətdə bir qədər çətindir. Çünki yerli istehsalı təşkil etmək zaman alan məsələdir. İllər lazımdır. Buna isə vaxt yoxdur. Bu mövzuda hökümət kifayət qədər zaman itirib. Öncədən bununla bağlı xüsusi tədbirlər görülməli idi. İkinci çıxış yolu isə müəyyən güzəştlərin tətbiq edilməsidir. Vergi və gömrük güzəştlərini tətbiq etmək və bu yolla da qiymətləri tənzimləmək mümkündür. Bu məsələ hökumətin verdiyi qərardan sonra həll oluna bilər”.

Sevinc

0