Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarova məxsus olduğu deyilən "Evrostroy-S.S" Məhdud Məsuliyyətili Cəmiyyət (MMC), "Zaman-İ" Mənzil Tikinti Kooperativi (MTK) və SİPARK Yaşayış Kompleksinin rəhbəri Taleh Abbasov məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, Taleh Abbasovla bağlı məhkəməyə "Yapı Kredi Bank Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti (QSC) müraciərt edib.
Cavabdeh qismində iş adamının şərikləri - Abdullayev Rizvan Əhməd oğlu, İsayev Seymur Nizami oğlu, Ələsgərov İsmayıl Əziz oğlu, Abbasov Rəşad Cəmil oğlu və Məmmədov Ramin Bəxtiyar oğludur. Cavabdeh qismində olan şirkətlər isə "Zaman-İ" MTK və "Evrostroy-S.S" MMC-dir.
İşin mahiyyəti maddi ziyanın ödənilməsindən ibarətdir.
Bir neçə gün əvvəl Bakının Binəqədi rayon sakini A.Ağayev "Evrostroy-S.S" MMC-nin rəhbəri Abbasov Taleh Fəmail oğlu və onun şəriki İsayev Seymur Nizami oğlu tərəfindən dələduzluğa məruz qaldığını iddia edib. A.Ağayev Taleh Abbasovun ona satdığı mənzilləri mənimsədiyini, həmçinin əlavə olaraq külli miqdarda pul aldığını deyib.
"Evrostroy-S.S” MMC-nin hazırda dövlət büdcəsinə 8 milyon 969 min 636 manat 7 qəpik vergi borcu var.
Qeyd edək ki, bu şirkətlərin Akif Çovdarova məxsus olduğu deyilir. Akif Çovdarov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun 30 milyon manatlıq əmlakı müsadirə edilib, general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilib. Dövlət başçısının sərəncamı ilə general rütbəsindən məhrum olunaraq əsgər rütbəsinə endirilib. Akif Çovdarov 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə azadlığa buraxılıb.