Son bir həftədir ki, havada güclü maqnit qasırğasının olacağı ilə bağlı məlumat yayılır. Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsiri ilə yanaşı, meteohəssas insanlara da təsirsiz ötüşməyəcəyi bildirilir. Yayılan bu məlumat metohəssas insanları sağlamlıqlarına qarşı diqqətli olmağa səsləyir.
Terapevt Şəfa İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, maqnit qasırğası insulta, ölümə belə səbəb ola bilər:
“Elə metohəssas insanlar var ki, maqnit qasırğası ilə bağlı xəbərdarlığı ciddi qəbul etmir, əhəmiyyət vermirlər. Amma maqnit qasırğası metohəssas insanların sağlamlığına çox ciddi təsir göstərir. Öncə qeyd edim ki, metohəssas insanlar qrupuna beyin qan dövranı pozğunluğu olan, ürək-damar xəstəliklərindən əziyyət çəkən, eləcə də şəkər xəstələri aiddir. Sinir sistemi xəstəlikləri olan insanlar da metohəssas insanlar hesab edilir. Bu insanlara adi insanlardan fərqli olaraq maqnit qasırğası ciddi təsir göstərir. Bu zaman təzyiq artır, ürək döyüntüləri şiddətlənir, ürək bulanma, baş gicəllənmə müşahidə olunur. Həmçinin sifətin qızarması, el arasında buna pörtmə deyirlər, bu kimi hallar qeydə alınır. Baş ağrısı da havada maqnit qasırğası şiddətli baş ağrısına da səbəb olur. Bu zaman bəzi insanlar ağrıkəsici preparatlar qəbul etməyə üstünlük verirlər. Amma maqnit qasırğısının yaratdığı narahatçılıqdan yaranan baş ağrılarını ağrıkəsicilərlə müalicə etmək olmaz. Bu zaman əks effekt də qeydə alına bilər.
Onu da deyim ki, havada maqnit qasırğası olduqda təzyiqi nəzarətdə saxlamaq mütləqdir. Metohəssas insanlar baş ağrısı olan kimi ilk növbədə təzyiqlərini ölçməlidirlər. Çünki, beyin qan dövranı xəstəliklərində havada maqnit qasırğasının olması beyin qan dövranını pozur. Bu zaman təzyiqin yüksək artımı qeydə alınır. Təzyiqin həddindən artıq yüksəlməsi insult təhlükəsi də yarada bilər. Bu zaman təzyiqi türkəçarə üsullarla salmaq fayda vermir. Mütləq həkim müayinə etməli, təzyiq həddindən artıq qalxıbsa, beyinə qan sızmanın qarşısını almaq üçün dərman preparatını inyeksiya yolu ilə venaya yeritməlidir”.
Terapevtin sözlərinə görə, ona görə də, havada maqnit qasırğası olduğu müddətdə açıq havaya çıxmaqdan çəkinmək lazımdır:
"Metohəssas insanlar üçün ilk məsləhət havada maqnit qasırğası olduğu günlərdə evdə dincəlməkdir. Çünki, belə hava açıq havada metohəssas insanlara daha tez təsir edir”.
Sevinc