Məktəb kitabxanalarına maraq niyə yoxdur?

ÖLKƏ
16:32 / 04.12.2023
527

Vaxt vardı məktəb kitabxanaları şagirdlərin məktəbdəki ən sevimli guşəsinə, çevrilmişdi. Xüsusilə, həftə sonu, tətil ərəfəsi şagirdlər dəstə-dəstə məktəb kitabxanalarına axışır, oxumadıqları kitabları alaraq, evdə qaldıqları müddətdə oxuyub başa çatdırardılar.

Amma son illər məktəb çantasında evə dərsliklə yanaşı əlavə bədii kitab gətirən şagirdlərə demək olar ki, rast gəlinmir. Bu bir daha məktəblərdə şagirdlər arasında sinifdən xaric oxuya marağın çox aşağı səviyyədə olduğundan xəbər verir.

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində bildirib ki, internetin geniş yayılması da kitaba münasibəti dəyişib:

“Bu gün uşaqların informasiya almaq mənbələri dəyişib. Şagirdlərin çoxu internet istifadəçisinə çevrilib.  Bu isə keyfiyyətli nəsil yetişdirmək problemini daha da aktuallaşdırır. Qloballaşmanın sürətlə getdiyi bir vaxtda yetişməkdə olan nəslin daha keyfiyyətli olmasına çalışmalıyıq. Təbii ki, həmin keyfiyyətin yüksək olmasında da mütaliyə, kitabın rolu böyükdür. Bunun üçün uşaqlarımızın kitaba münasibətini formalaşdırmaq lazımdır”. 

Ekspert hesab edir ki, müasir dövrdə uşaqlara məcburi kitab oxutmaq mümkün deyil. Ona görə də, tələbləri öyrənib kitaba maraq yaratmaqda yeni yanaşma tətbiq etməyə ehtiyac var:

"Bu işdə məktəb kitabxanaları da aktiv olmalı, işini ancaq gələn şagirdə kitab yazıb verməklə bitirməməlidir".

Sevinc

0