Çöp varmı və ya çöpçülərə inanmaq olarmı?

ÖLKƏ
19:46 / 05.12.2023
476

Uşağın qızdırması varsa, iştahadan düşübsə, həkimin yazdığı dərman təsir etmirsə, bu halda Azərbaycan vətəndaşının bəzən çöpçüyə üz tutmaqdan savayı başqa yolu qalmır. 

Özünü çöpçü adlandıran bu peşə sahibləri uşağın tənəffüs yolunda ilişib qalan kənar cismləri sadə yolla, buruna üfürməklə xaric edirlər. Valideynlər belə prosedurdan sonra qızdırmanın yoxa çıxdığını, uşağın normal vəziyyətə qayıtdığını bildirirlər. Texnologiya dövründə yaşayan insanın həkimin yox, çöpçünün yanına getməsi, əslində, təəccüb doğurur.

Psixoloq Eldar Ələkbərov Hit.az-a açıqlamasında qeyd edib ki, adət-ənənədə olan inancların özünüqoruma instinkti var. 

Çöpçü yanına getmək pirə, ocağa, daşa inanmaq kimidir. İkincisi, kütlə psixologiyasına söykənən sosial meyardır. İnsanlar bir-birinə təsir edərək prosesi aparırlar:

“Baba-nənə inanır buna, öz övladı, nəvələri üçün belə düşüncəni təlqin edir, çöpçüyə getməyi lazımlı bilir, hətta oğul-qıza belə davranışı təzyiq vasitəsilə yeridirlər. İnanc bu yolla yaşayır. Üçüncü meyar iki qaynaqlı psixoloji forma ilə əlaqəlidir. Yəni Azərbaycanda insanların tıbb sahəsinə olan güvənsizliyindən qaynaqlanır.

İnsanlar türkəçarəyə daha çox meyillənirlər. Həm də bizim insanlar sağlamlıq məsələsinə elə də diqqət yetirmir. Nə qədər şəxs hər 6 aydan bir ümumi tibbi yoxlamadan keçir? Azərbaycanda belələrinin sayı 1 faiz varmı, yoxmu, böyük sual doğurur. Bu amillər çöpçülərin məşhur olması, varlanmasını yol açır".

Pediatr Mətanət Əliyeva Hit.az-a şərhində bildirib ki, çöp daha çox uşaqlarda müşahidə olunduğu üçün bu tip problemlə valideyn ya pediatra, ya da qulaq-burun-boğaz həkiminə müraciət edir. 

Çöpün əlamətləri yüksək qızdırma, boğazda ağrı, udqunma çətinliyi olduğu üçün bəzən bu mütəxəssislər diaqnozu düzgün təyin edə, üst tənəffüs yollarındakı yad cismi, yəni çöpü aşkarlaya bilmirlər. Bunun üzə çıxarılması üçün endoskopiya həyata keçirilməlidir. Burun boşluğu, burun-udlaq, əsnək və qırtlağın müayinəsi aparılmalıdır:

“Yad cismi yalnız bu halda görmək mümkündür. Bu tip müayinənin uşaqlara aparılması müəyyən texniki problemlərə də bağlıdır. Həkimin endoskopiya imkanları məhdud olduğu üçün diaqnostik çətinliklə qarşılaşır, yad cismləri xaric etmək onun üçün müşkülə çevrilir. Hazırda bəzi klinikalarda pediatrik endoskopiyanın icrası müasir avadanlığın köməyi ilə artıq mümkündür. Bu səbəbdən Azərbaycanın təbabət mühitində çöpçüyə elə də ehtiyac qalmayıb.

Çöpçü yad cismi üfləməklə və ya barmağı ilə xaric etməyə çalışdığı zaman o, alt tənəffüs yollarına, daha dəqiq desək, səs yarığı səviyyəsinə, traxeya və ya bronxlara düşə bilər. Bu halda xüsusi cərrahi komanda və avadanlıq olmadan yad cismin çıxarılması nəinki çətinləşər, hətta asfiksiya nəticəsində uşaq tələf ola bilər. Bu nəzərdən hər hansı bir kənddə, ya evdə belə proseduran aparılması düzgün deyil. Çox risklidir, əslində. Yad cismin ölçüsü, materialı və ilişib qaldığı tənəffüs yolunun səviyyəsindən asılı olaraq , bu müdaxilə poliklinikada da icra oluna bilər”.

Sevinc

0