"Əgər səhhətinizdə heç bir problem və ya xəstəlik yoxdursa, onda kökəlməyinizə səbəb qidalanma rejiminin pozulması, eləcə də gün ərzində qəbul olunan qidaların kalorisinin istifadə etdiyiniz enerjidən daha çox olmasıdır".
Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.
O bildirib ki, gündəlik qidalanma müəyyən saatlarla və rejimli şəkildə olmalıdır:
"Bunlar da pozulanda qəbul olunan kalori artıq çəkilər şəklində orqanizmdə toplanır. Ümumiyyətlə, 25 yaşa qədər gün ərzində 3 dəfə, 25 yaşdan sonra isə gün ərzində 2 dəfə əsas yemək yeyilməlidir. Hər bir insanın gündəlik həyat tərzinə, iş rejiminə, fiziki aktivliyinə və idmanla məşğul olub-olmamasına görə qidalanması fərqli olmalıdır.
Xüsusilə yuxu rejimi də çox önəmlidir. Sağlam yuxu rejiminə riayət etməyən və yaxşı dincəlməyən insanlarda hormon balansı pozulur. Belə insanların bəzən gecə saatlarında qəbul etdiyi qidalar da artıq kalori şəklində orqanizmində toplanır".
Mütəxəssisin sözlərinə görə, stress faktoru da kökəlməyə səbəb olan əsas amillərdən biridir:
"Çünki həddindən artıq və davamlı şəkildə stressə məruz qalan insanın iştahı artır. Stress çoxaldıqda kartizol hormonu normadan artıq olur. Bu isə iştahın artmasına və insanların qidanı miqdarsız şəkildə davamlı olaraq qəbul etməsinə gətirib çıxarır. Üstəlik, bu da şirin qida istəyini artırdığı üçün daha çox kilo almağa gətirib çıxarır.
Həmçinin, su qəbul etməmək də ciddi problemdir. Ona görə ki, hər bir orqanizmin maye miqdarı var və gündəlik olaraq onu mütləq qəbul etmək lazımdır. Bu da hər kiloqram bədən çəkisinə görə 30 ML hesablanır. Maye az qəbul edildikdə isə orqanizmdə maddələr mübadiləsi düzgün getmir. Qidalar düzgün şəkildə parçalanmadığı və vaxtında xaric olunmamadığı üçün də kökəlmə baş verir".
Məhsəti Hüseynova qeyd edib ki, 40-45 yaşlardan sonra kökəlmə daha sürətli, arıqlama isə daha çətin olur:
"Daha çox lifli qidalar və mövsümü meyvə-tərəvəzlərlər qəbul etməliyik. Qızartmalar və yağlı yeməklərdən uzaq durmaq lazımdır. Həmçinin, qətiyyən gec saatlarda qida qəbul olunmamalıdır. Gün ərzində ən son saat 19:00-19:30 radələri qida qəbul etmək olar. Karbohidrat, zülal, yağ, vitamin-mineral hissəsi bir porsiyon da olmalıdır. Belə olan halda, düzgün şəkildə qida qəbul etmiş olacaqsınız.
Əksər məclislərdə və ümumi masada qoyulan yeməklərdə bəzən miqdar düzgün tənzimlənmir. O zaman da artıq kalori alırsınız. 40-45 yaşdan sonra buna xüsusilə diqqət etmək lazımdır".
Pərviz