Fatih Terim və ya Şenol Günəş Azərbaycan millisində uğurlu ola bilər?

İDMAN
14:08 / 06.12.2023
695

Son günlərdə Azərbaycanda futbol azarkeşlərini bir sual düşündürür. 

O da futbol üzrə milli komandamıza hansı baş məşqçinin təyin olunmasıdır. Artıq günlərdir bununla bağlı ciddi müzakirələr gedir, hər kəs fərqli mütəxəssisin adını gündəmə gətirir. Bir çoxları millimizin yerli mütəxəssisə həvalə olunmasını düşünsə də, bəziləri yenidən xarici baş məşqçinin seçilməli olduğu qənaətindədirlər. 

Son günlərdə isə Türkiyə futboluna damğa vuran iki şəxsin adı Azərbaycan yığması üçün hallanır. Söhbət Fatih Terim və Şenol Günəşdən gedir. Hətta yerli mətbuatda və qardaş ölkə mediasında hər iki mütəxəssislə danışıqlar aparıldığına dair xəbərlər dərc olunub. 

Ümumiyyətlə, Fatih Terim və Şenol Günəş doğru seçimdir? Onlar millimiz üçün faydalı ola bilərlər? 

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib ki, Fatih Terim və ya Şenol Günəşin yığmamıza gəlməsi xəbərləri heç şübhəsiz AFFA-dan qaynaqlanır:

339281

"Qurumda rəhbər vəzifədə olan şəxslər, İcraiyyə Komitəsində təmsil olunan bəzi üzvlər yığmaya baş məşqçi təyinatından pay götürürlər. Onlar, bəzi menecerlərlə əlaqəli çalışırlar. Həmin menecerin təklif etdiyi mütəxəssisin təyinatına yardımçı olurlar və faizlərini alırlar. Təəssüf ki, Azərbaycan futbolunun real durumu belədir. İndi də xalqın başını Fatih Terim və Şenol Günəşin adını hallandırmaqla qatırlar. 

Əslində müzakirə mövzusu “milli komandanın baş məşqçisi kim olsun” ətrafında olmamalıdır. İndi müzakirə mövzusu AFFA rəhbərliyinin tam tərkibdə istefa verməsi, futbolun sağlam, peşəkar kadrlara etibar edilməsi, islahatların başlaması ətrafında olmalıdır". 

Həmsöhbətimiz qeyd edib ki, AFFA rəhbərliyi xalqın dilini yaxşı bilir:

"Ona görə də, indi türk məşqçilər məsələsini ortaya atıblar. Məncə, Fatih Terim və Şenol Günəş Azərbaycan futboluna heç nə verə bilməz. Hər ikisi tükənmiş, təqaüdə çıxacaq yaşdadırlar. Üstəlik, Azərbaycan futbolunda o potensial yoxdur ki, kimsə gəlib nəticə versin. Fatih Terim və ya Şenol Günəş Azərbaycana gəlsələr özlərilə 4-5 köməkçi gətirəcəklər. İl ərzində də minimum 10 milyon manat alacaqlar. 2-3 il işləyəcəklər və heç bir nəticə olmadan çıxıb gedəcəklər. Beləcə, 30 milyon onlara, bir 30 milyon da nəticəsi olmayacaq yığmalara xərclənəcək. 

Bir o qədərini də AFFA rəhbərliyi mənimsəyəcək. Sonra xalq yenə də tənqid etməyə başlayacaq. Bu dəfə də yəqin İspaniyadan və ya ola bilsin ki, Hindistandan baş məşqçi gətirilməsini müzakirə edəcəyik. Beləcə, hər şey təkrarlanacaq, dəyişən nə isə olmayacaq. Biz birdəfəlik başa düşməliyik ki, bu gün yığma komandaya baş məşqçi lazım deyil".

Natiq Muxtarlının sözlərinə görə, yığmanı yerli mütəxəssislərdən birinə tapşırmaq lazımdır ki, seçmə mərhələ ərzində 3-4 xal toplaya bilsin:

"Biz təcili surətdə islahata başlamalıyıq. Bu isə AFFA-dan başlamanılmalıdır. Ora sağlam qüvvələri yerləşdirib Azərbaycanda indiyə qədər görmədiyimiz işə - futbolçu yetişdirməyə çalışmalıyıq. Bunun üçün infrastruktur qurulmalıdır. Uşaq futbolunda infrastruktur yoxdur. Belə şəraitdə futbolçu yetişdirmək olmaz. Vəssalam. Bunları etməyəcəyiksə, başımızı Fatih Terim və ya Şenol Günəşlərlə aldadacağıqsa, onda futbol tələb etməyə haqqımız yoxdur".

Pərviz

0