Güneyli fəal: "İranda qadınlar hələ də azad deyil"

ÖLKƏ
15:08 / 11.12.2023
427

"İranda qadınların azadlıqları, haqları və hüquqları ilə bağlı Konstitusiyada çox böyük ədalətsizliklər var".

Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, İran Konstitusiyasında qadınlara qarşı zorakılıq və şiddəti qanuniləşdirən maddələr var:

"Sözügedən qanunlar düzəlmədikcə İranda qadın haqları ilə bağlı heç bir dəyişiklik olmayacaq. Bu haqlardan tək-tək bəhs etmək olar. Amma çox təəssüf ki, İran Konstitusiyasına görə qadın insan sayılmır. Ümumiyyətlə, orada qadınla kişi arasında çox açıq bir ayrı-seçkilik var. 

Düşünürəm ki, İranda qadın haqları ilə bağlı məsələlərə yenidən baxılmalı və qadınların qanuni, hüquqi haqları olmalıdır. Lakin bu da indiki vəziyyətdə çox çətin prosesdir".

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, etirazlardan sonra İranda qadınlarla bağlı məhdudiyyətlərin azalması xəbərləri də həqiqəti əks etdirmir:

"Etirazlardan sonra qadınlara yönəlik təzyiqlərin azalmasına dair yalan məlumatlar yayılır. Əslində Tehran hökuməti hicab və geyimlə bağlı geri addım atmayıb. Hələ də oradakı qadınlara qarşı təzyiqlər ən sərt şəkildə davam etdirilir. 

Sadəcə olaraq yalan təbliğatlar aparılır. Yəni qadınlarla bağlı qadağaların yumşalmasına dair xəbərlərin hamısı Tehran hökumətinin təbliğatıdır". 

Pərviz

0