Zelenski hakimiyyətdən gedir...

DÜNYA
16:40 / 11.12.2023
566

Ukraynada Volodomir Zelenski hakimiyyəti başa çatmaq üzrədir.

Artıq Ukrayna və Qərb mediasında Zelenskinin hakimiyyətdən gedəcəyinə dair xəbərlərin durmadan artdığını görürük. Üstəlik, ukraynalılar arasında keçirilən müxtəlif sorğularda da ona olan etimadın azaldığı açıq şəkildə özünü göstərir. Çünki Ukrayna xalqının böyük əksəriyyəti 2 ildir davam edən müharibənin dayanmasını istəyir. Zelenskinin isə indiki vəziyyətdə müharibəni dayandırmağı rədd etməsi və Rusiya ilə danışıqlara getməməsi ona olan etirazları artırır. Onu da qeyd etmək lazımdır ki, Zelenski Rusiya ilə danışıqlar aparmasını Konstitusiya ilə qadağan edən qanunu da məhz özü təklif etmişdi. 

Əslində Qərbin də Ukraynaya dəstəyini azaltması Zelenskinin hakimiyyətdən getməsi üçün zəmin hazırlamaq məqsədi daşıyır. ABŞ, Böyük Britaniya, Polşa və digər Qərb dövlətlərinin Ukraynana maddi və hərbi yardımı azaltması və ya dayandırması diqqət çəkir. Bunun fonunda isə Ukrayna ordusu müharibə meydanında irəliləyə bilmir. Bütün bunlar artıq Qərbin Ukraynada Zelenski hakimiyyətini istəmədiyini göstərir. Çünki onlar, rəsmi Kiyevin Moskva ilə danışıqlar aparmasını və müharibənin dayanmasını istəyirlər. Zelenski isə bu plana qarşı çıxır. Ona görə də Ukraynada hakimiyyət dəyişikliyi gözlənilir. 

Hazırda Volodomir Zelenskinin yerinə keçmə ehtimalı ən yüksək olan şəxslərin başında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı gəlir. Ukrayna xalqı arasında da nüfuzu getdikcə artan Zalujnıya Qərbdən də böyük dəstək olduğunu vurğulamaq lazımdır. Üstəlik, son zamanlarda onunla Ukrayna Prezidenti arasında ciddi gərginlik olduğuna dair də xəbərlər yayılır. 

Zelenskinin keçirdiyi bir çox toplantıya Zalujnının qatılmaması, habelə Ukrayna Prezidentinin Zalujni barəsində "hərbçilər siyasətlə məşğul olmamalıdır" sözlərindən istifadə etməsi də xəbərlərin doğruluğunu təsdiqləyir. 

Lakin Zelenski Zalujnının yerinə keçməsini əngəllənək üçün ilk həmləsini etdi. O, gələn il ölkədə keçiriləcək seçkiləri müharibə səbəbilə ləğv etdi. Zelenski bu addımı atmaqla seçkidə məğlub olmasının önünə keçdi. Belə ki, keçirilən bir çox sorğuda Zalujnının Zelenskidən daha çox səs topladığını görürük. 

Buna baxmayaraq, Qərbin Ukraynada çevriliş yolu ilə də hakimiyyət dəyişikliyində maraqlı olduğuna dair iddialar yayılmaqdadır. Qərb mediasında yayılan məlumatlara görə, Zalujnının rəhbərliyi ilə hərbçilər çevriliş edərək Zelenskini devirə bilərlər. Onun ardınca isə müharibənin indiki vəziyyətdə dayandırılacağı proqnozlaşdırılır. Ötən həftələrdə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə Rusiyanın Baş qərargah rəisi Valeri Gerasimov arasında gizli danışıqların aparıldığını nəzərə alsaq, bu ehtimalların boş olmadığını düşünə bilərik. 

Hər halda, qarşıdakı ildə Zelenskinin hakimiyyətdən getmə ehtimalları olduqca yüksəkdir... 

Pərviz

0