Kamran Əsədov: “Bir çox hallarda regional idarələr kimlərinsə direktor olmasına mane olur”

ÖLKƏ
18:33 / 11.12.2023
433

Bu gün bəzi məktəblərdə, xüsusilə də bölgələrdəki məktəblərdə direktor vəzifəsi boşdur. Direktor vəzifəsinin boş olmasının səbəbi kimi isə maaşın azlığı göstərilir.  Həmçinin, tez-tez məktəblərdə aparılan monitorinq, yoxlamaların onlara öz işlərini icra etməyə mane olduğu da iddia olunur. 

Maraqlıdır, mövcud direktor vəzifəsinə boş yerlərlə bağlı problemləri necə həll etmək olar?

Təhsil eksperti Kamran Əsədov Hit.az-a şərhində bildirib ki, hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi var və 2013-cü ildən etibarən direktor vəzifəsinə qəbul tamamilə yeni proseslə həyata keçirilir: 

“Prosesin ən şəffaf dövrü 2013-2020-ci illəri əhatə edir. Ancaq son 3 il ərzində direktor vəzifəsinin boş qalmasının müəyyən səbəbləri var. Bir çox hallarda regional təhsil idarələri öz maraqlarına xidmət edən, özlərinin istədikləri şəxsləri direktor təyin edirlər. Bu da prosesin şəffaflığına öz təsirini göstərir. Yəni bir çox regional idarələr Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla bəzi direktorları təyin edirlər. Bir çox hallarda regional idarələr kimlərinsə direktor olmasına mane olur. Baxmayaraq ki, həmin şəxslər test mərhələsindən yüksək nəticələrlə keçiblər, ancaq Elm cə Təhsil Nazirliyi bir çox hallarda təyinatları öz marağına uyğun olaraq, həyata keçirir. Bir sözlə, insanların təyinatlarına mane olurlar. Regional idarələr ona görə mane olurlar ki, özlərinin maddi maraqları var. Bəzən yüksək bal toplamış şəxslərən onların maraqlarına uyğun gəlmədiyinə görə mənfi rəy verirlər. Hətta onların haqqında yalnış fikirlər formalaşdırırlar. Bunlar ciddi problemdir. Çünki 400-dən çox məktəbin kollektivinin vahid formada idarə olunmaması, sənədləşməsi prosesi, şagirdlərin yerdəyişməsi kimi məsələlər ciddi problemlər olaraq ortaya qoyulub”.

Ekspert hesab edir ki, direktorların vəzifə maaşı kifayət qədər yaxşıdır:

“Şagird sayına görə yaxşı maaş ala bilirlər. Bu gün vəzifə maaşı 2500 manatdan artıq olan direktorlar var. Yəni direktorların vəzifə maaşı digər dövlət qurumları ilə müqayisədə çox yaxşıdır. Hətta bir sıra məktəb direktorlarının əməkhaqqı ölkədə nazirlərin, millət vəkillərinin maaşından çoxdur. Hazırda ölkədə kifayət qədər direktor var ki, maaşı nazirdən, deputatdan da çoxdur. Təbii ki, bir çox direktorların qeyri-qanunu gəlirləri də var. Şagirdlər məktəbə gəlmədiyi üçün pul alırlar. Yaxud da digər yollarla pul qazana bilirlər. Ancaq direktor olmaq üçün hazırda müvafiq qurum ciddi şəkildə süni maneələr, süni əngəllər yaradır. Bu da təbii ki, potensiallı şəxslərin təhsil idarə edilməsinə gəlməsinə öz mənfi təsirini göstərir. Bir çox hallarda Elm və Təhsil Nazirliyi  öz maddi maraqlarına görə direktor təyinatlarını həyata keçirir”.

Sevinc

0