Aydın Hüseynov: "Ulu öndərin əsasını qoyduğu iqtisadi model Azərbaycanın yüksək tərəqqisini və sosial rifahı təmin edib"

SİYASƏT
14:14 / 12.12.2023
389

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə ikinci dəfə rəhbərliyə dəvət olunması ilə Azərbaycanın  əbədi müstəqilliyinin qorunub saxlanması, gələck inkişafının möhkəm təməlləri qoyuldu.

Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı.

Bunun nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, qətiyyətli islahatlar həyata keçirildi.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Hit.az-a açıqlamasında bildirib.

Milət vəkili qeyd edib ki, Ulu Öndərin ən çox diqqət yetirdiyi məsələ  islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olmuşdur.

 “Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox Fərman və Sərəncam imzalanmış, 30-a yaxın Dövlət Proqramı təsdiq edilmişdir. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyası isə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb olunmasında həlledici rol oynadı. 

“Əsrin müqaviləsi”nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycanın mənfəət nefti dünya bazarlarına ixrac olundu, eyni zamanda qlobal əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin çəkilişi həyata keçirildi”.

A.Hüseynov bildirib ki, 1995-ci ildən başlayaraq, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, təmin edilmiş, məzmunca fərqli münasibətlər formalaşdı. Ölkədə azad biznes sinfi formalaşdı, özəl sektor iqtisadiyyatda aparıcı mövqe tutmağa başladı. Eləcə də, Ümummilli liderin müəyyən etdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuş, Azərbaycanın beynəlxalq nəqliyyat sisteminin gücləndirilməsi üçün TRASEKA, Şimal-Cənub, İNOGEYT Proqram layihələri həyata keçirilib.   

 “Ulu öndərin  təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnki­şaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və s. kimi beynəlxalq maliyyə institutları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuş, bu münasibətlərin hüquqi bazası təmin edilib”.

Millət vəkili qeyd edib ki, Ulu öndərin müəllifi olduğu mükəmməl iqtisadi model Azərbaycanın inkişafında yeni mərhələnin əsasını qoydu. 

Ümumilikdə, 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalı­nın həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məş­ğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı, inflyasiya səviyyə­si 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Azərbaycan xalqı Ulu öndər Heydər Əliyev kursuna öz sadiqlini nümayiş etdirərək, siyasi varisi Cənab İlham Əliyevə etimad göstərməklə  yüksək iqtisadi inkişafının və sosial rifahının etibarlı təminatını yaratmış oldu. Cənab İlham Əliyev Heydər Əliyev modelinin daha da inkişaf etdirərək, eləcə də ölkəmizin iqtisad imkan və potensialını səfərbər edərək, Azərbaycanı dünyanın inkişaf etmiş ən qüdrətli ölkəsinə çevirdi.

 Ötən 20 ildə ölkəmizin iqtisadi gücünü möhtəşəm Ordu quruculuğuna yönəldərək, əsas milli amalaımız olan torpaqlarımızı işğaldan azad etdi. Ümumilikdə, Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz Ulu öndərin uzaqgörən iqtisadi dühası dayanır”.

Sevinc

0