Evlərin icbari sığortası necə aparılmalıdır?

İQTİSADİYYAT
18:08 / 12.12.2023
604

Bakı şəhərində daşınmaz əmlakın icbari sığortası ilə bağlı qanundan irəli gələn proseslərə başlanılıb. Ancaq bu sahədə mövcud icbari sığorta vətəndaşlar tərəfindən heç də birmənalı qarşılanmır. 

Məlumat üçün qeyd edək ki,  daşınmaz əmlakın icbari sığortası zamanı sığorta məbləği bütün evlər üçün eynidir. Məsələn, 1 otaqlı evlə villanın ödəyəcəyi məbləğ 50 manatdır.

Maraqlıdır, sığorta olunduqdan sonra hər hansı fəlakət baş verərsə, zərərlə bağlı sığorta şirkəti kiçik mənzillə villaya fərqli məbləğmi ödəyir?

Yaxud nə üçün daşınmaz əmlakın icbari sığortasında mənzilin sahəsi nəzərə alınmır, sahədən asılı olmayaraq eyni məbləğdə ödəniş edilir.

İqtisadçı-ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, icbari sığorta yalnız bir şəxsin digər şəxsə vurduğu zərər üzrə, yəni mülki məsuliyyətin zərəri ola bilər: 

“Daşınmaz əmlakla bağlı qanunda fərqli yanaşmadır. Mülkiyyətçi özünə dəyən zərəri də sığortalayır. Bu da ədalətsizdir, düzgün deyil. Yəni bu, faktiki olaraq , dövlətin özəl münasibətlərə qarışmasıdır. Yaxşı olardı ki, icbari sığorta da mənzil mülkiyyətçilərinin başqalarına vurduğu zərərə bağlansın.

Məsələn, çoxmənzilli binalarda mənzil mülkiyyətçisinin ucbatından aşağı mərtəbədəki mənzili su basır, buna görə məsuliyyətin sığortalanması normaldır.

Ancaq təəssüf ki, qanunda 12 ildən artıqdır ki, mövcud sığorta forması var. Bu qanun icra olunmur. Ancaq sığorta şirkətləri ona nail olmaq istəyir ki, sığorta etdirmək istəməyən vətəndaşları cərimələsinlər.

Ümumilikdə isə burada cəza yoxdur, hər bir vətəndaş öz borcuna görə əmlakı həddində cavabdehdir. Vətəndaş ödəyə bilməyəcəksə, onun başqa əmlakı varsa, oraya, maaşı varsa maaşına, yaxud pensiyasına yönəldilə bilər. Yalnız bir evi varsa, o evə yönəldilə bilməyəcək”.

Sevinc

0