"Ukraynanın ABŞ-nin və kollektiv Qərbin dəstəyi olmadan Rusiyaya qarşı mübarizə aparması çətin görünür".
Bu sözləri HİT.az-a açıqlama verən politoloq Turab Rzayev deyib.
O xatırladıb ki, Ukrayna hətta bu dəstək olduğu dönəmlərdə belə xüsusi uğur əldə edilə bilmədi:
"Məsələn, bu yay Ukraynanın genişmiqyaslı hücuma keçərək, ərazilərini işğaldan azad etməsi gözlənilirdi. Hətta Krımın azad edilməsi və Rusiya ərazilərinə daxil olmaq ehtimalları da səsləndirilirdi. Amma hadisələr gözlənilən kimi cərəyan etmədi.
Nəticədə, Ukrayna müharibədə ciddi dəyişiklik edə bilmədi, sadəcə müəyyən qədər irəlilədi. Qalan yerlərdə isə rus ordusu istehkamlar qurdu. Ona görə də Ukrayna ordusunun əks hücumunu uğurlu saymaq olmaz".
Politoloq diqqətə çatdırıb ki, buna görə Qərbi günahlandıranlar var:
"Yəni Qərb ölkələrin zamanında Ukraynaya artilleriya, aviasiya və kifayət qədər mərmi vermədiyini deyirlər. Lakin istənilən halda Ukrayna ordusu qarşıya qoyulan məqsədə nail ola bilmədi.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı qarşıya qoyulan məqsədlərin 70 faizdən çoxunun həyata keçirildiyini, amma bundan sonrasına güclərinin çatmadığını etiraf edir. Volodomir Zelenski administrasiyası isə sona qədər müharibə apara biləcəklərini düşünür. Ancaq gələcək perspektivdə uğurlu bir nəticə görünmür".
Ekspert ABŞ-nin Ukraynaya verdiyi dəstəyi tam kəsmə ehtimalından da söz açıb:
"ABŞ-nin dəstəyi olmadan Ukrayna ordusu nəinki irəliləməsi, hətta tutduğu yerləri belə əlində saxlaması çətin görünür. Yəni belə olsa, yavaş-yavaş rus ordusunun irəliləyişini görə bilərik. Hətta Qərbin Ukraynaya dəstəyini kəsməsi birmənalı şəkildə Rusiyanın qələbəsi demək olacaq.
Düzdür, Rusiya cəbhə xəttində irimiqyaslı hücum həyata keçirə bilməyəcək, amma bunun əvəzinə Ukraynanı atəşkəsə məcbur edə bilər. Kremlin də əsas istəyi məhz budur. Düşünürəm ki, Qərb dəstəyini dayandırsa rəsmi Kiyev atəşkəsə getməyə məcbur qalacaq. Bu isə Zelenski üçün sonun başlanğıcı olacaq".
Pərviz