Fədayə Laçın həbsindən danışdı: "Günahkar deyiləm, fədakaram"

MAQAZİN
12:12 / 13.12.2023
370

“Törətdiyim əməli düşünmədən etmişdim. Nəyisə sübut edim deyə etməmişdim. Bu, fədakarlıq idi... Bu hadisədə günahkar yox, fədakaram. Fədakarlıq etdim. Nə günah etdim ki? Mən qanunu pozdum. Günah başqa şeydir. Qanun qarşısında cəza çəkdim. Qanunu pozduğum üçün səhv etmişəm, amma hərəkətim fədakarlıqdır”.

HİT.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın “YouTube”da yayımlanan “Mirinin dibçəyi” layihəsində deyib.

Törətdiyi cinayəti fədakarlıq adlandıran sənətçi bildirib ki, bu hadisədən sonra tamaşaçıların ona olan sevgisi daha da artıb:

“Bu hərəkətimə görə mənə dəstək olanlar çox oldu. Hazırda belə mənim etdiyimə haqq qazandıranlar çoxluq təşkil edir. Xalqın sevgisini çox çətinliklə qazanmışam. O hadisədən sonra birə beş yox, birə on insanların mənə olan sevgisi, hörməti artıb. İnsanlar cəmiyyətdə, hara getdimsə, hamı məni dəstəkləyir. Mən bu addımı düşünmədən atdım. Ani qərarlara meyilliyəm. “Rezki” beynim çönə bilir”.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov (“Qoca”) və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Məmmədova Fədayə Baris qızı isə (Fədayə Laçın) məhbuslara yardım etməkdə təqsirləndirilib. 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.

0