Bakıda toy mərasimində müğənninin burnu oxuduğu mikrafonla sındırılıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən "Su Pərisi" ailəvi istirahət kompleksində baş verib.
Belə ki, Rövşən adlı müğənni toyda ifa etdiyi zaman mərasim iştirakçılarından biri musiqini dayandırıb. İmişlidən toya qonaq gələn Saday adlı şəxs müğənnidən sifariş verdiyi mahnını niyə dayandırdığını soruşub və söyməyə başlayıb.
Saday müğənniyə məxsus "ŞHURE" markalı mikrafonun dəmir pultunu (modernini) götürüb və onun sifət nahiyəsinə vurub. Nəticədə Rövşənin burnu sınıb. Burnundan qan açılan müğənni Sabunçu rayon xəstəxanasına aparılıb.
Hadisəyə görə 1983-cü ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş Saday adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs sözügedən maddələrlə təqsirli bilinib və 2 il 6 ay şərti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilib.