Ərəb turistlərin sayı azalıb?

İQTİSADİYYAT
16:18 / 14.12.2023
368

Son zamanlar Bakının mərkəzində ərəb turistlərin sayı əvvəlki illərlə müqayisədə xeyli az görünür. Bir neçə  ay öncə şəhərin kafe-restoranlarında ərəb turistlərin əlindən tərpənməyə yer olmadığı halda, indi nisbətən səngimə müşahidə olunur.

Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illərlə müqayisədə dəyişiklik qeydə alınır. Yəni avropalıların sayı artıb, ərəb turistlərin səfərləri azalıb. 

Maraqlıdır, ərəb turistlərin sayı niyə azalıb?

Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm Hit.az-a açıqlamasında qeyd edib ki, qiymətin yüksək olması turist axınının və gəlirlərin azalmasına yol açır:

“Məlumdur ki, bu il Bakı şəhərində kifayət qədər çox mötəbər tədbirlər keçirildi. Digər tərəfdən, turizm üzrə aidiyyəti strukturlarımız müxtəlif ölkələrdə keçirilən tədbirlərdə təmsil olunurlar. Həmin tədbirlərdə turizm sektorumuzun təklif etdiyi məhsullarla bağlı informasiyalar yayımlanır. Bu məlumatları dəyərləndirən beynəlxalq turizm şirkətləri isə tur paketlərində bu məsələni nəzərə alırlar. Bu və ölkədə keçirilən tədbirlər isə ölkəyə turist axınını artırıb. 

Açıqlanan statistik rəqəmlərdən də, müşahidələrdən də ərəb ölkələrindən Azərbaycana gələn ərəb turistlərin sayında azalma müşahidə olunur. Ötən illər ərzində ərəb turistlərin çoxu Bakıda istirahət etməyə üstünlük verirdi. Daha sonra onlar bölgələrimizə üz tutdular. Lakin bölgələrimizdə də qiymət siyasəti düzgün aparılmadığı üçün ərəb turistlər qiymət siyasətindən giley edirdilər.

Həmçinin, Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmin aktivliyinə müəyyən qədər təsir edir. Lakin hava nəqliyyatı vasitəsilə turistlərin Azərbaycana gəlməsində məhdudiyyət yoxdur. Onlar əvvəlki kimi asan viza əldə edib, rahatlıqla ölkəmizə üz tuturlar. Körfəz ölkələrindən gələnlərin sayının azalmasının səbəblərindən biri də davranış qaydaları ilə bağlıdır. Davranış qaydalarının da buna təsiri var. Ola bilər, artıq onlar hiss ediblər ki, burada onlara qarşı yaxşı münasibət yoxdur. Bu məsələ yaxşı deyil. Çünki turizmini inkişaf etdirmək istəyən ölkə turistlərə qarşı dözümlü olmalıdır. Çünki onlar başqa ölkələrdən gəliblər, onların əyləncələri, ağız dadları və s. fərqlidir. Ona görə də bu sahədə daha çox dözümlü olan ölkələr turizmdə önə çıxacaqlar. 

Fikrimcə, bu məsələ barəsində cəmiyyətdə maarifləndirmə aparılmalıdır. Danılmaz faktdır ki, ərəblər daha çox pul xərcləyirlər, əyləncələrə daha çox fikir verirlər, kafe və restoranlara daha çox gedirlər. Öz ölkələrində qadağan olunmuş və yaxud çox bahalı olan əyləncələrə qoşulurlar. Bunlara alkoqol içkilər, gecə klubları və s. daxildir. Öz ölkələrində , əlbəttə ki, gecə klubları mövcuddur, lakin orada cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Ona görə də onlar Azərbaycana gəldikdə daha çox öz ölkələrində olmayan və yaxud çox baha olan əyləncələrə üz tuturlar. Belə olduğu halda da həmin əyləncələrə əlavə pul xərcləyirlər. Bu da başqa ölkələrin ərəb turistlərinə maraq göstərməsinə səbəb olur. Bizdə belə bir fikir var ki, bizə ərəb turist çox gəlir, lakin Gürcüstana azı bizdən 4 dəfə çox turist gedir”.

Sevinc

0