Məktəblərdə kişi müəllimlərin sayı niyə azalır?

ÖLKƏ
17:21 / 15.12.2023
718

Bu gün ölkəcnin ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Qadın pedaqoqlardan fərqli olaraq, məktəblərdə çalışan kişi müəllimlərin sayı nəzərəçarpacaq dərəcədə azdır. İldən-ilə də onların sayında azalma müşahidə olunur.

Təhsil eksperti Nadir İsrafilov Hit.az-a açıqlamasında qeyd edib ki, məktəblərdə müəllimlərin 84,3 faizi qadındır, ölkənin ümumtəhsil məktəblərində 3642 direktordan 1352-si, 4677 direktor müavinindən 2753-ü, 143 902 müəllimdən 121 405-i qadındır.

Onu da nəzərə alsaq ki, bu gün pedaqoji təhsil verən universitetlərin və kolleclərin kontingenti əsasən qızlardan formalaşdığından, belə nəticə çıxarmağa əsas yaranır ki, bu tendensiya hələ ki, yüksələn xətlə davam etməkdədir:

"Baxmayaraq ki, son 10 ildə Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqının məbləği 3 dəfə artıb və Nazirin də xüsusi olaraq, vurğuladığı kimi, “2014-cü ildə müəllimlərin orta maaşı 267 manat olduğu halda, indi, sonuncu artımdan sonra bu məbləğ 790 manata yüksəlib. Daha 2-3 ildən sonra isə orta əmək haqqı 1000 manatı keçəcək.

Bununla belə yenə də əksəriyyət tərəfindən belə bir vəziyyətin yaranması  müəllimin əmək haqqının aşağı olması ilə izah olunur.
Belə çıxır ki, bu yanaşmanın səhv olduğunu təsdiqləmək üçün daha 2-3 il gözləməliyik...

Hesab edirəm ki, körpülərin altında əlində drel, qaynaq aparatı və digər iş alətləri ilə saatlarla müştəri gözləyən, maşın alıb, “taksovatlıq” etmək üçün evini dəyər-dəyməzə satıb, qaynana evində qalan, toy məclislərində tamadalıq, yas mərasimində mollalıq edən ali təhsilli müəllimlər, uzun illərdən bəri işlədiyi məktəbi tərk edərək, əlavə hazlıq kurslarına pənah aparanlar, repetitorluğu müəllimlıkdən üstün tutaraq ,  “Zehni əməyin qara bazarı”, “kölgə təhsilinin atributu” adlandırılan qeyri-rəsmi fəaliyyət sahəsinə axın edənlər bu sualın daha dəqiq cavabını verə bilərlər”.

Ekspert hesab edir ki,  bir çox məktəblərdə yaranan özbaşınalıqların,  müəllim- şagird münasibətlərində kütləvi hal alan xoşagəlməz hadisələrin baş vermə səbəblərindən biri və ən əsası elə kişi müəllimlərin azlığı, kişi zəhminin yoxluğudur:

“Bəlkə də məktəblərdə azlıq təşkil edən kişilərin uşaq döyənlər arasında çoxluğu valideynlərin narazılıqlarının əsas səbəblərindən biridir? Suallar çoxdur, konkret cavab isə hələ ki, yoxdur. Təbii proseslərin qarşısını isə süni yollarla almaq yolverilməzdir. Problemin optimal həllinin geniş müzakirələrə və əsaslı təhlillərə ehtiyacı var...”.

Sevinc

0