Bakı ilə sülhə böyük əngəl - Ermənistan konstitusiyasının dəyişməsi tələbi

SİYASƏT
18:23 / 16.12.2023
543

Azərbaycanın İrəvan qarşısında Müstəqillik Bəyannaməsinin qanunsuz və əsassız preambulasının ləğvi tələbini qoymaq haqqı var; ermənilər seçki yox, referendum keçirib ərazi iddialarından rəsmən əl çəkməlidir, yoxsa...

İlin sonuna iki həftə qaldı. Ancaq hələ də 2023-ün tarixə Azərbaycanla Ermənistan arasında sülh anlaşması ili kimi düşə biləcəyi haqda nikbin fikirlər səslənməkdədir. Dekabrın 14-də isə Ermənistan baş naziri Nikol Paşinyan yenə tezliklə sülh anlaşmasının əldə edilə biləcəyini bəyan edib. 

Bəllidir ki, 44 günlük savaşdan sonra Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıq bildirib. Səmimi görünmək üçün hətta konkret rəqəm dilə gətirib - 86.6 min kv km. Amma di gəl, o, öz ölkəsinin hazırkı konstitusiyasından Qarabağla bağlı mürtəce müddəanın çıxarılması üçün heç nə etmir. Həmin konstitusiyasının preambulasında “Əsas Qanun”un Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş prinsip və məqsədlərdən irəli gəldiyi qeyd olunur. Müstəqillik Bəyannaməsinin preambulasında isə “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli ”Ermənistan SSR-yə yenidən birləşmək haqqında" birgə qərardan bəhs olunur. 

Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik keçmiş DQMV-ni öz tərkib hissəsi sayır. Deməli, Ermənistan konstitusiyası redaktə olunmayana, “İstiqlal Bəyannaməsi”nə istinad oradan çıxarılmayana qədər İrəvanın Azərbaycana qarşı ərazi iddialarının olmaması barədə danışmaq yanlışdır. 

Məsələ ilə bağlı Caliber.az saytına danışan rusiyalı siyasətçi Sergey Javoronkova görə, N.Paşinyan artıq 2018-ci ildə olduğu kimi populyarlığının zirvəsində deyil. “Əgər referendum keçirilsə, gözlənilməz vəziyyət də yarana bilər. Bu isə nəinki Paşinyana, heç Azərbaycana da sərfəli deyil”.

Öz növbəsində ukraynalı analitik, tarixçi alim Oleq Kupçik Azərbaycanın bu problemlə bağlı narahatlığını başa düşdüyünü söyləyib: “Çünki məsələ siyasi və hüquqi müstəvidə yerləşir. Erməni konstitusiya hüquqşünasları ilk növbədə problemin həlli ilə məşğul olmalıdırlar. Aydındır ki, hələ sovet dövründə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilmiş ”Ermənistanın Müstəqillik Bəyannaməsi"nə (23 avqust 1990-cı il) dəyişiklik etmək mümkün deyil. Bu hüquqi problemin həlli, məncə, Ermənistan Konstitusiyasının preambulasına edilən və haqlı olaraq Azərbaycana məxsus olan Qarabağ bölgəsinə ərazi iddialarının olmadığını göstərən dəyişikliklərlə ola bilər (və olmalıdır da). Bunun üçün Ermənistan hökuməti referendum keçirməli və konstitusiyanın preambulasını redaktə etməli olacaq. “Ermənistanın Müstəqillik Bəyannaməsi”nə istinadın oradan tamamilə silinəcəyini düşünmürəm, çünki konstitusiyasını qəbul edərkən yerli parlament məhz bunu rəhbər tutub".

Onun fikrincə, bu məsələ Rusiya üçün də əlavə imkanlar açır. “Ermənistan konstitusiyasının preambulasına yuxarıda göstərilən dəyişikliklərin edilməsinə dair referendum və mahiyyət etibarı ilə ermənilərin Qarabağ regionuna iddialarından əl çəkməsinin hüquqi təsbiti Kreml tərəfindən yeni təxribatların təşkili üçün əlverişli şərt kimi istifadə olunacaq.  Beləliklə, Paşinyan indi referenduma tələsməlidirmi? Əmin deyiləm”,- deyə o əlavə edib.

Doğrudanmı sülh müqaviləsi müharibə riskini aradan qaldırmayacaq, bölgəyə sülh gətiməyəcək? Çıxış yolu nədir? 

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, münasibətlərin normallaşması istiqamətində real praktik addımlar atmalıdır. Təəssüf ki, biz bu günə qədər Ermənistan tərəfindən populist çıxışları, sülh danışıqlarını manipulyasiya edən davranışıqları müşahidə etsək də bu istiqamətdə real ciddi addımları hələ müşahidə edə bilmirik: “Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında əldə olunmuş razılaşmalar və birgə bəyanatdan irəli gələn məsələlər qarşılıqlı etimad mühitinin formalaşdırılması və gələcək əməkdaşlıq perspektivlərinin, imkanlarının qurulması baxımından yeni şərait formalaşdırıb. Ermənistanın ayrı-ayrı siyasi liderləri də son dövrlər sülh müqaviləsi imzalamağa hazır olduqlarını və bu istiqamətdə iradə nümayiş elətdirdiklərini bəyan edirlər. Çox təəssüf ki, bu açıqlamalarda da yenə erməni xislətini nümayiş etdirərək Azərbaycanı müstəqil iradə nümayiş etdirə bilməməkdə qınamağa çalışırlar. Amma hesab edirəm ki, Ermənistan tərəfi yenə də bu davranışlarında səmimi deyil. Ən azı Azərbaycanla üçüncü tərəfin iştirakı olmadan danışıqlar prosesinə Ermənistan hazır olduğunu, sülh sazişini imzalamağa iradə nümayiş etdirdiyini bəyan edirsə həyata keçirməli olduğu bir sıra vacib prosedurlar da mövcuddur”.

Politoloq qeyd etdi ki, Ermənistan hələ müstəqillik əldə etməmişdən öncə - SSRİ-nin tərkibində olarkən bir sıra qanunsuz qərarlar qəbul edilib və həmin qərarlar təəssüf ki, indiyə qədər də hüquqi qüvvədən salınmayıb. Belə ki, 1988-ci il iyun ayının 1-də Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi ilə bağlı həmin dövrün reallıqlarına və qanuni mühitin şərtlərinə qətiyyən uyğun olmayan, ziddiyyət təşkil eləyən qərar qəbul etmişdi: “Həmin qərardan dərhal sonra SSRİ Ali Soveti Rəyasət Heyəti bu qərarın sovet konstitusiyasına zidd olduğunu, SSRİ Konstitusiyasının 78-ci maddəsi ilə ziddiyyət təşkil etdiyini qeyd eləyərək Azərbaycanla Ermənistanın ərazi bütövlüyünün qorunub saxlanması ilə bağlı qərar qəbul edərək Ermənistan Ali Sovetinin həmin qərarının hüquqi qüvvəyə minməsinə imkan verməmişdi. Həmin dövrdə mövcud olan SSRİ Konstitusiyasında açıq şəkildə müttəfiq respublikaların ərazi dəyişikliyinin həmin respublikaların Ali Sovetlərinin qərarı əsasında və onların səlahiyyətində olduğu qeyd edilirdi. Bu baxımdan Ermənistan Ali Sovetinin 1988-ci il 14 iyun qərarı hüquqi məsuliyyət və ya öhdəlik formalaşdırmır. Təəssüf ki, bunun ardından Ermənistan parlamenti 1 dekabr 1989-cu il tarixində də Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistan SSRİ-nin birləşməsi haqqında qərar qəbul etdi. Ermənistanın 1991-ci ildə qəbul edilən Müstəqillik bəyannaməsində isə bu qərar əksini tapır. Təbii ki, Ermənistanın Müstəqillik bəyannaməsi hüquqi prosedurlar üçün normativ hüquqi akt ola bilməz. Amma çox təəssüf ki, Ermənistan konstitusiyasının preambulasında Müstəqillik bəyannaməsindən irəli gələn tələblərin, prinsip və məqsədlərin təmin olunması, qorunması öz əksini tapıb. Hansı ki, Ermənistanın konstitusiyası bununla Azərbaycana qarşı ərazi iddialarını səsləndirməyə imkan verən ifadələri özündə əks elətdirir. Bir daha qeyd edirəm, bu qərarlar qəbul edilərkən mövcud olan qanunvericilik aktları Ermənistan tərəfindən o cür qərarın qəbul edilməsinə hüquq vermirdi. İndiki halda da həm 1988-ci il 14 iyun tarixli, həm 1 dekabr 1989-cu il tarixli Ermənistan Ali Sovetinin qərarları, eyni zamanda Ermənistanın Müstəqillik bəyannaməsində və konstitusiyasında öz əksini tapan bu əsassız ərazi iddiaları Azərbaycan üçün hər hansı bir hüquqi öhdəlik və ya məsuliyyət, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı razılaşma imzalamağa məhdudiyyət formalaşdırmır. Amma Ermənistan tərəfindən qəbul edilən bir siyasi qərar olaraq, onun işğalçılıq mahiyyətini qoruyub saxlayan bir mövqe olaraq bizim üçün narahatedici məqamdır”.

A.Əliyev hesab edir ki, Azərbaycan tərəfi Ermənistanın konstitusiyasının preambulasında qeyd olunan bu müddəanın referendum yolu ilə ləğv edilməsi tələbini qoymalıdır. Ermənistan Azərbaycanla həqiqətən 1991-ci il Almatı bəyannaməsindən irəli gələn dövlətlərin ərazi bütövlüyünün tanınmasını səmimi olaraq qəbul edirsə, bölgədə sülhün təmin olunması istiqamətində səmimi olaraq addımlar atmaq istəyirsə atmalı olduğu vacib addımlardan biri məhz həmin əsassız siyasi qərarların ləğv edilməsi istiqamətində fəaliyyət olmalıdır. Sülh danışıqları həyata keçirilərkən Ermənistandan tələblərimizdən biri də məhz bu olmalıdır.

0