Kişilər arasında cinsi zəiflik cavanlaşır - SƏBƏBLƏR

ÖLKƏ
22:11 / 18.12.2023
493

Son zamanlar kişilərin ən çox əziyyət çəkdiyi xəstəliklərdən biri də cinsi zəiflikdir. Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, 35-40 yaşına çatmış kişilərin təxminən 40 faizi cinsi zəifliyin müxtəlif formalarından əziyyət çəkir.

Cinsi fəaliyyət aktının tam itməsi halları 50 yaşlı kişilərin 20, 70 yaşlı kişilərin isə 50 faizində rast gəlinir. Həkimlərin bildirdiyinə görə, əksər kişilər xəstəlik müəyyən həddə çatana qədər həkimə müraciət etməkdən çəkinir. Nəticədə isə onların vəziyyəti daha da ağırlaşır.

Uroloq-androloq Ramiz Abdullayev Hit.az-a şərhində bildirib ki, cavan kişilərdə cinsi zəiflik yaşlı kişilərdəki cinsi zəiflikdən həm xəstəliyin səbəblərinə, həm gedişinə, həm də müalicə metodlarına görə fərqlənir:

"Belə ki, gənclərdə cinsi zəifliyin müxtəlif növlərinin yaranmasında daha çox psixoloji səbəblər üstünlük təşkil edirsə, yaşlılarda cinsi zəifliyin yaranmasında orqan patologiyaları, yəni orqanizmdə mövcud olan xəstəliklər üstünlük təşkil edir.
Lakin impotensiya hansı səbəbdən baş verirsə-versin, xəstəliyin müəyyən dövründə mütləq psixoloji səbəblər əlavə olunur. Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri bunlardır: sidik-cinsiyyət sisteminin xəstəlikləri, o cümlədən prostat vəzinin xəstəlikləri, prostatitlər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi, xarici cinsiyyət üzvünün qan təchizatında qüsurlar və s.
Onu da deyim ki, müəyyən qrup dərmanlar da kişilərdə cinsi zəifliyin yaranmasına səbəb olur. Kişi cinsi hormonlarına təsir edən preparatlar, yüksəlmiş qan təzyiqinin müalicəsində işlənən dərmanlar, antihistaminlər, alkoqol və narkotik dərmanlar da bura aiddir. Düzgün olmayan həyat tərzini də bura aid etmək olar.

Təkcə xəstəliklər deyil, uzun müddət kişini gərginlikdə saxlayan hər şey impotensiyaya gətirib çıxara bilər: uzun sürən stress, daimi ağır işdən yorğunluq, həll olunmamış konfliktlər, ağır emosiyalar, depressiya, ailədə və cinsəl həyatda ahəngsizlik, partnyorun cinsi həvəs oyada bilməməsi, cinsi həyatda haçansa baş vermiş uğursuzluğun təkrarlanması qorxusu, öz gücünə inamsızlıq və s."

Sevinc

0